Araz Əhmədov: "Şamaxıda təhsildən yayınan 4 qızı məktəbə qaytardıq"

Araz Əhmədov: "Şamaxıda təhsildən yayınan 4 qızı məktəbə qaytardıq"

Şamaxıda uşaqların sosial inkişafını təmin etmək, internatlara qoyulmasının qarşısını almaq və təhsilə cəlbi üçün “Tənha anaların sosial inkişafına dəstək proqramı”na başlamışıq. İlkin olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə birgə 10 nəfərlik dərzi müəssisəsi açmışıq. Burada artıq 18 nəfər ana işləyir.

Bunu AFN.az-a açıqlamasında “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri, “Labirintdən çıxış” Regional Ekspert Şəbəkəsinin üzvü Araz Əhmədov deyib. “Labirintdən çıxış” REŞ-in onlayn toplantısı zamanı çıxış edən A.Əhmədovun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi vəə ”İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi həmin ailələrlə tanışlıqdır:

“Biz onlarla tanış olduqda uşaqlarda bir çox mənfi yükləmələr gördük. Çünki tənha analarda yaşadıqları həyatdan, sosial problemlərdən formalaşan mənfi yüklər, əsasən də aqressiya olur. Bu isə uşaqlara yönəlir və onlar bu mənfi enerjidən qidalanırlar. Nəticədə onlar təhsilə davam etmirlər. Əsasən də təhsildən uzaqlaşan qızlarla bağlı bunun səbəbini araşdıranda anaları deyirdi onsuz da oxumurdu.

Araşdıranda görürdük ki, doğrudan da oxumurlar. Məsələn, 7-ci sinifdən təhsildən uzaqlaşan qız vardı, məhz oxumadığı üçün. Başladıq bu ailələrlə daha yaxından tanış olmağa, niyə oxumur, təhsilə marağı niyə yoxdur, hansı sosial problemləri var, bu problemlər necə aradan qalxmalıdır və s. istiqamətlərdə araşdırma aparmağa. Bu mövzuda təxminən 100-ə yaxın ailədə araşdırma apardıq. Dərziliyə cəlb olunan ailələrdən əlavə 30 nəfərlik bir komanda seçdik, onlarla valideyn-uşaq münasibətləri təlimləri təşkil etdik”.

A.Əhmədovun sözlərinə görə, valideynlər həmişə uşaqlara təsir edərək, onu görmək istədiyi hala salmağa çalışır:

“Onlar bilmirlər ki, hər uşağın öz xarakteri var, valideynlər uşaqlarının xarakterlərini öyrənməli və özünə uyğun inkişafına şərait yaratmalıdırlar. 4 aylıq kurs başladıq və kurs çərçivəsində analara fərdi psixoloji senanslar keçirdik. Bunu Bakıdan gedən psixoloq komandası ilə etdik. 4 ay müddətində həm analarla işlədik, həm uşaqlarla. Müstəqil həyatda təhsilin əhəmiyyəti, peşə seçimi və hansı peşələr hansı xarakterlərə uyğundur tipli təlimlər keçirdik.

Nəticədə 4 nəfər qız 6-7-ci siniflərdən təhsilə qayıtdı. Biz onları inandırdıq ki, oxumasan da, 9 illik şəhadətnamə sənə peşəyə yönəlməyə, gələcək məşğuliyyətin üçün fayda verəcək. Hətta elə analar vardı ki, bizim təlimdən sonra özündəki səhvi gördü və etiraf etdi ki, mən də düşünürdüm bu uşağa artıq təhsil lazım deyil, oxumurdu, amma indi daha ciddi üzərində duracağıq. Elə uşaqlar vardı ki, məktəbdən çıxmaq istəyirdi, fikrini dəyişdi”.

Layihə çərçivəsində eyni zamanda anaların məşğuliyyəti ilə bağlı araşdırma aparılıb. “Kim hansı sahədə bacarıqlıdır?” sualına cavab axtarılıb:

“Qruplaşdırdıq və dəstək olduq, istiqamət verdik. Eləsi vardı təsərrüfatla məşğul idi, həyətdə toyuq-cücə saxlayır, bazara toyuq məhsulları çıxarırdı. Biz onların həyətinə baxış keçirdikdə gördük ki, onların hin şəraiti bərbad vəziyyətdədir, dostlarımızla köməkləşib ikigözlü hin tikdik. Məşğulluq Agentliyi onlara inqubator da verəcək.

Biz dəstək oluruq ki, onların quşçuluq təsərrüfatını böyüdək ki, normal dolanışığını təmin etsin. İndi düşünürük ki, bəzilərinə arı yeşikləri alıb verək, bəzilərinin yaxşı bişirmə, konservləşdirmə qabiliyyəti var, onlara şərait yaratmaq istəyirik. Fikirləşirik ki, Şamaxıda əsasən turizm yolunun üstündə bir sosial bazar quraq. İlkin razılaşma əldə edilib, icra hakimiyyətindən yer də ayrılıb. Çalışırıq ki, onların özlərini təmin etmələrinə dəstək olaq”.

Planda proqram çərçivəsində sosial biznes şəbəkəsi qurmaq da var:

“Bu şəbəkə həm dediyim ailələrin təsərrüfatlarına, imkanlarına uyğun biznes qurmağa dəstək olacaq, həm də onların inkişafına nəzarət edəcəyik. Şamaxı təcrübəsini digər rayonlara da tətbiq etmək niyyətindəyik. Bu proqram çərçivəsində 100-lərlə tənha ana işlə təmin oluna bilər. Biz həm də onların bazara çıxartdığı məhsulların keyfiyyətinə nəzarət edə biləcəyik”.

Qeyd edək ki, “Labirintdən çıxış” Regional Ekspert Şəbəkəsində ölkənin müxtəlif regionlarını əhatə edən 30-a yaxın ekspert təmsil olunur. Şəbəkənin əsas məqsədi regionlarda qız uşaqlarının təhsildən yayınmasına təsir edən amillərin araşdırılıb üzə çıxarılması və həll istiqamətində addımlar atılmasıdır. Gələn yazılarımızda digər ekspertlərlə də təmsil etdiyi regiondakı vəziyyət və görülən işlərlə bağlı müsahibələr paylaşacağıq.





"Cebhe.info"