8 mayın təntənəsi: Şuşaya qayıdış günü

8 mayın təntənəsi: Şuşaya qayıdış günü

1992-ci il 8 mayda işğal olunmuş Şuşa şəhərinə qayıdğış məhz bu ərəfədə başlayır. 

“Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Şuşaya ilk köçün məhz mayın 8-də baş tutması həm də böyük anlam daşıyır. Şuşa 1992-ci ildə ermənilər tərəfindən məhz 8 mayda tam işğal olunmuşdu. Keçən ilin oktyabrında isə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat vermişdi ki, 2024-cü ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. Konkret may ayında Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılıb. 

Şuşalıların səbirsiliklə gözlədiyi bu tarixi günlə bağlı fikirlərini “Cebhe.info” ilə bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, Vətən müharibəsi qələbə ilə başa çatandan sonra ermənilər Şuşadan işğalçı kimi qovuldular:

“Hər il 8 mayda onlar Şuşada bayram edir, “parad” keçirirdilər. Doğrudur, biz işğal gününü bütün ölkə ərazisində anırıq, bu tarix unudulmamalıdır. Ancaq builki 8 mayda şuşalılarımızın Şuşaya qayıdışı, köçü olacaq. Yəni artıq bu, düşmən üzərində qələbənin təntənəsidir. Sevinc hissi ilə şuşalılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Hər birimiz bu günü, qayıdış gününü böyük səbirsizliklə gözləyirik. Artıq qayıdacaq ailələr də məlumdur, hamı yol hazırlığını görür. Hamı bu həsrətə son qoyulmasını səbirsizliklə gözləyir. Ermənilərin murdar xəyalları, niyyətləri gözlərində qaldı. Artıq Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ Xanlığınıın mərkəzi olan Şuşa şəhərində biz yaşayırıq. Orada ən gözəl, yüksək səviyyəli tədbirlərimizi keçiririk. Tədbirlərin ən gözəli, əzəmətlisi, təntənəlisi şuşalıların öz doğma yurd-yuvalarına qayıdışıdır”. 

O bildirib ki, 8 may simvolik tarix kimi dəyərləndirilməlidir: 

“İlk qayıdış təbii ki, elə olacaq. Hesab edirəm ki, hər bir kəs həmin günü bayram kimi qeyd etməlidir. Necə ki, 8 noyabr Zəfər bayramıdır, 2024-cü ilin 8 mayı da Şuşaya ilk qayıdış günü kimi tarixə düşəcək”. 

Nigar Abdullayeva 
“Cebhe.info”