QHT “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində Göygöldə tədbir keçirib - FOTOLAR

QHT “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində Göygöldə tədbir keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 17.07.2024-cü il tarixdə Göygöl rayonunun Çaykənd kəndində tədbir keçirib.

"Cebhe.info" xəbər verir ki, tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak ediblər.

Layihə rəhbəri Z.Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verdi. Layihənin eksperti Ş.Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli qanunu barədə geniş təqdimat etdi. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları, Məişət zorakılığı barədə şikayətlərin araşdırılması və digər maddələr barədə geniş məlumat verildi. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər barədə məlumat verilərək bildirildi ki, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qaşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.

Tədbirdə iştirakçılar mövzu ətrafında çıxış edərək məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflərini bildirdilər. Mövzu ətrafında müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı. İştirakçılardan E.Ocaqverdiyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparılıb. Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Göygöl Rayon İcra hakimiyyətinin başçısı cənab Elvin Paşayevə, Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimovaya minnətdarlığını bildirib.

"Cebhe.info"