Ramiz Mehdiyevin “poştalyonu” olan "Şərq-Qərb" BAĞLANIB?

Ramiz Mehdiyevin “poştalyonu” olan "Şərq-Qərb" BAĞLANIB?

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Aaraşdırmalar göstərib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib.

2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

"Şərq-Qərb" ASC-nin səhmlərinin böyük hissəsi (96,5%) Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyevə məxsusdur. Şirkət 2001-ci ildən özəlləşdirilərək fəaliyyət göstərir, Şərq-Qərb nəşriyyatın direktoru isə Sevil İsmayılovadır. Qeyd edək ki, "Şərq-Qərb" 1986-cı ildən fəaliyyət göstərən, əsasən dövlət sifarişlərini yerinə yetirən iri nəşriyyat və poliqrafiya müəssisəsidir.

“Cebheinfo.az” DTX-nın materialında adıçəkilən "Şərq-Qərb" ASC ilə əlaqə saxlayıb. ASC-nin hazırda fəaliyyət göstərdiyi bildirilsə də, əlavə suallara cavab verilməyib.

Aişə Abdulova

“Cebheinfo.az”