“Qarabağ”ın xanım azarkeşləri tarixi zəfərdən danışdılar

“Qarabağ”ın dünən gecə tarixi uğura imza atması hər birimizi qürurlandırdı.
Ağdam təmsilçisi UEFA Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olaraq tarixə keçdi. Bu tarixi zəfər təkcə “Qarabağ” klubunun azarkeşlərini deyil, bütün Azərbaycan xalqını ürəkdən sevindirdi.
Vətən müharibəsindən sonra Qarabağ adının futbol meydanlarında da zəfərlərlə anılması, bu sahədə də tarix yazmağımızı xüsusi vurğulamaq lazımdır. Bir növ Qurban Qurbanov başda olmaqla, futbolçularımız bütün dünyaya bir daha “Qarabağ Azərbaycandır!” deyərək hayqırdı.
“Cebhe.info” bu tarixi və unudulmaz zəfərlər bağlı “Qarabağ”ın sadiq xanım azarkeşləri, “Bizim kvartet”in üzvlərinin təəssüratlarını öyrənib.
Sevinc Məmmədova “Qarabağ”ın tarixi zəfəri ilə bağlı hisslərini belə ifadə edib:
“Səfər oyunundan əvvəl məndə nigarançılıq və qorxu vardı. Ancaq orada çox vacib qələbə qazandıq. Ev oyunundan əvvəl həddindən artıq rahat idim, bu səfər də qələbə çətin oldu. Hətta oyunun ikinci uzatmasını izləmədim. Eləcə əllərimlə üzümü bağlayıb dua edirdim.
Sadəcə bu mərhələni keçib yeni bir tarix yazmağımız barədə düşünürdüm. Çox şükür ki, hər şey istədiyimiz kimi oldu. Nəticədə, dualarım qəbul oldu. Bütün azarkeşlərimiz kimi mən də çox xoşbəxtəm. Hər oyunda belə qələbələr Azərbaycan futbol tarixində ilkdir.
10 nəfərlə oynayan bir Azərbaycan klubu adlı-sanlı rəqibindən qorxmadı, çəkinmədi və sona qədər mübarizə apardı. Üstəlik, 19 yaşlı bir azərbaycanlı oyunçunun qolu ilə mərhələ adladıq. O qədər fərqli hisslər var ki, sözlərlə ifadə edə bilmirəm.
Dünən biz komanda ruhunu, azarkeş gücünü və birliyin insana nələr etdirə biləcəyini gördük”.
Aygül Qarayeva isə izaholunmaz hisslər içərisində olduqlarını deyib:
“Hazırda tarixi günün səhərini yaşayırıq, amma dünən gecə yaşadığım hisslər eyni qalıb, hələ də davam edir. Gecə yatmaq, səhər işə köklənmək olmur. İşdə hər kəsin təbrikini gördükcə və insanların içdən gülümsəməsini hiss etdikcə, bu tarixin şahidi olmağın nə dərəcədə fövqəl olduğunu anlayırsan.
Tribunada 120 dəqiqə o qədər fərqli hisslər yaşadıq ki.. Qol buraxdıq, üzüldük, sonra güc tapıb komandanı səslədik, qola sevindik və ümidləndik. Hətta Nəriman Axundzadə qol vuranda hansı hissləri keçirdiyimi xatırlamıram, məncə, o hisslərin bənzərini yaşamamışam. Ona görə də necə ifadə edilər, nə ilə müqayisə edilə bilər bilmirəm.
Düşündüm ki, bəlkə də, matç 0:0 bitsəydi, bu qədər gərginlik yaşamayacaqdıq, amma mərhələ keçməyin dadı da belə olmayacaqdı. UEFA-nın paylaşımında qeyd olunduğu kimi, tarix kitabları üçün bir oyun, an oldu. Bu hissləri duya, yaşaya bildiyim və dünən tribunada olduğum üçün xoşbəxtəm.
Artıq mən bu həyəcanla və sevinclə bazar günü oynanacaq “Sumqayıt”la matçı gözləyirəm. Eyni komandanı alqışlamaq, dəstəkləmək və həyəcanı stadionda yaşamaq üçün! Məncə, hər kəs yerli komandaya sahib çıxmalı, turnir fərqi olmadan böyüklüyünün, etdiklərinin fərqində olaraq dəstəkləməlidir”.
Sevda Şərbətzadə də qeyd edib ki, tarixi matç və zəfərlə bağlı fikirləri bölüşmək və hissləri izah etmək çox çətindir:
“Qitənin ən önəmli yarışlarından birinin bu mərhələsində oynamaq Azərbaycan futbolu və azarkeşlər üçün artıq böyük qalibiyyət idi.
“Qarabağ”ın isə rəqibdən qorxmayaraq əksinə rəqibi qorxudaraq oynaması, məni çox qürurlandırdı. Bütün oyunçular sona kimi vuruşdular və uzun illər yaddaşlardan silinməyəcək bir oyun oynadılar.
Dünənki qələbənin şüarı mənim üçün bu oldu: Azərbaycanın futbol fatehi “Qurban Qurbanovun başçılığı ilə Bağırovun “Qarabağ”ı Avropanı fəth edir!”.
Naibə Məmmədova isə keçən oyun 2:4 hesabı ilə qələbə qazandıqdan sonra artıq “Qarabağ”ın mərhələni keçdiyini düşündüyünü söyləyib:
“Çünki üstün oyunumuz və qalibiyyətimizlə işin yarısından çoxunu həll etmişdik. Dünənki oyundan əvvəl isə qəribə bir həyəcan var idi. Bu, yəqin ki, oyunun gərgin keçə biləcəyi ilə bağlı düşüncələrimdən qaynaqlanırdı.
Normalda hesabda geri düşəndə bir qədər ruh düşkünlüyü yaşanır. Amma dünən hər şey yenidən başlanırdı, hesabda geri düşdükcə sanki, bizim üçün tablo sıfırlanırdı, bir də başlayırdıq və bu dəfə daha inamla. Söhbət təkcə komandadan getmir, azarkeşləri də nəzərdə tuturam.
Həmçinin, bu qədər hissi bir anda yaşamaq... Gah üzüntü, gah stress, həyəcan, amma ən çox da, ən çox da xoşbəxtlik! Bu hislər əslində ifadə olunmayacaq qədər gözəl, cümlələrə tökülməyəcək qədər möhtəşəm duyğulardır. Yalnız bizdən biri olan bu hislərin necəliyini anlaya bilər.
Mən hələ də dünənki atmosferdən çıxa bilmirəm. Hər şey o qədər gözəl idi ki... Sanki, buludların üzərində “Qarabağ” azarkeşi olmağın qüruru ilə gəzirəm.
Başda Qurban Qurbanov olmaq üzərə, bu duyğunu bizə yaşadan və hər dəfə daha yaxşısını, daha artığını bacaran “Qarabağ”ıma sonsuz təşəkkürlər!".
Elmir Mustafa
“Cebhe.info”