Azərbaycanda Hindistan sərgisinə QADAĞA

Hindistanın qiymətli daşlar və zərgərlik sahəsini təmsil edən ən ali qurum – "Bütün Hindistan Qiymətli Daşlar və Zərgərlik Daxili Şurası" (GJC) sahə nümayəndələrinə Türkiyə və Azərbaycanla biznes əlaqələrini dayandırmaq çağırışı edib.
GJC-nin sədri Rajeş Rokde bəyan edib:
“Qiymətli daşlar və zərgərlik sektoru olaraq biz ölkəmizin yanındayıq və bütün zərgərləri Türkiyə və Azərbaycanla ticarəti dərhal dayandırmağa çağırırıq. Biz bu addımla həmrəyliyimizi və qərarlılığımızı nümayiş etdiririk”. Qeyd edək ki, Azərbaycan ilə Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib.
Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Lakin bu ticarət dövriyyəsinin strukturuna baxdıqda, asimmetriya müşahidə olunur.
Belə ki, Azərbaycanın Hindistana ixrac etdiyi malların (734 milyon dollar) 99%-dən çoxu (730 milyon dollar) neft və neft məhsullarıdır. Azərbaycan Hindistandan isə 223 milyon dollarlıq məhsul idxal edib, bunun əsas hissəsini düyü təşkil edib, bu isə Azərbaycanın ümumi idxalının yalnız 1%-ni təşkil edir. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb ki, bu da daxili tələbatın azalması ilə izah oluna bilər.
Hindistanın Azərbaycana və Türkiyəyə qarşı yeni sanksiyası hansı nəticəni verə bilər və bu addıma cavab olaraq ölkəmizdə təşkil olunan Hindistan günlərinə və səgisinə qadağa qoyula bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Hindistanın bu qərarı Türkiyəyə daha çox təsir edəcək:
“Azərbaycanda qızıl, zərgərlik məhsullarının kütləvi istehsalı yoxdur ki, onun ixracatında da müəyyən problemlər olsun. Bu, fərdi insanlara aid deyil. Hindistanlı turistlər ölkəmizə gəlir.
Azərbaycanda xoşu gələn bir qızıl görsə, onu alıb aparır. Buna qadağa yoxdur. Ancaq Türkiyə kütləvi şəkildə ixracla məşğul olur. Bu qadağa Türkiyə iqtisadiyyatı, o cümlədən zərgərlik məmulatlarının istehsalı və ixracatına ciddi təsir göstərə bilər”.
Ekspertin fikrincə, Azərbaycanda keçirilən Hindistan sərgilərinə qadağa qoyula bilər:
“Bunun Azərbaycana xeyir və ziyanını hesablamaq lazımdır. Əgər onların sərgisi Azərbaycana xeyirlidirsə, olsun. Yaxud qadağan olunması onlara ziyan vurursa, Azərbaycan qadağan edə bilər. Mən düşünürəm ki, bu vəziyyət müvəqqətidir. Bir müddətdən sonra münasibətlərdə yenidən normallaşma baş verəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”