Nurlan Ordubadlı Qarabağda çəkdirdiyi klipdən danışdı - ÖZƏL

Nurlan Ordubadlı Qarabağda çəkdirdiyi klipdən danışdı - ÖZƏL

"Yeni mahnıma Qarabağda klip çəkdirdim".

Bu sözləri "Yaşa Azərbaycan" mahnısı ilə məşhurlaşan müğənni Nurlan Ordubadlı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O, maraqlı bir klip olacağını söyləyib:

"Yeni mahnım "Bizik indi burada" adlanır. Həmin mahnının klipini Qarabağda çəkdik. İnşallah 10 mayda təqdim edəcəyik. Mahnının sözləri və musiqisi mənə aiddir. Bu, sayca vətənpərvər ruha yazdığım 15-ci mahnımdır".

Sənətçi klipin hansı bölgələrdə çəkildiyindən də söz açıb:

"Klipi Xankəndi, Şuşa və Əsgəranda çəkdik. Həmçinin, qazilərlə birlikdə Bakıda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Klipin çəkilişini də Zəfər parkında bitirdik. Bacardığımız qədər çalışdıq ki, klip yaxşı alınsın.

Klip üçün təxminən 1 ay vaxt sərf etdik. Hazırda klipin montaj işləri gedir, tam yaxşı olması üçün özüm nəzarət edirəm. Ümid edirəm ki, xalqımız tərəfindən bəyənilər".

Sənətçi "Yaşa Azərbaycan" mahnısı ilə bağlı arzusunun olduğunu da etiraf edib:

"Xalqımız tərəfindən çox sevilən "Yaşa Azərbaycan" mahnısı ilə bağlı bir arzum var. Bir gün o mahnıya da Qarabağda klip çəkdirmək istəyərəm. Çox yüksək səviyyədə çəkiləcək kliplə mahnıya yeni nəfəs verilər".

Elmir Mustafa 
"Cebheinfo.az"