Keçmiş nazir: “Bankların kredit faizi normaldan 2-3 dəfə yüksəkdir” - MÜSAHİBƏ

Keçmiş nazir: “Bankların kredit faizi normaldan 2-3 dəfə yüksəkdir” - MÜSAHİBƏ

Azərbaycan banklarının faiz gəlirləri artıb.

2024-cü ilin yanvar ayında Azərbaycan banklarının faiz gəlirləri 321 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 47,4 milyon manat və ya 17,3% çoxdur. 

Mərkəzi Bankın nəlumatına görə, bankların kreditlər üzrə cəmi faiz gəlirləri 39,8 milyon manat və ya 19,9% artaraq 239,7 milyon manat təşkil edib. 2024-cü ilin yanvar ayında Azərbaycan banklarının faiz və onlara bağlı xərcləri 19,2 milyon manat və ya 28,6% artaraq 86,4 milyon manat təşkil edib. O cümlədən, faiz xərclərinin 62,1 milyon manatını depozitlər üzrə ödənilmiş faizlər təşkil edib (2023-cü ilin yanvarında 48 milyon manat). 2024-cü ilin yanvar ayında Azərbaycan banklarının qeyri- faiz gəlirləri 141,7 milyon manat, qeyri-faiz xərcləri isə 225,3 milyon manat təşkil edib.

2023-cü ilin yanvarında banklarının faiz gəlirləri 84,6 milyon manat, qeyri-faiz xərcləri isə 150,7 milyon manat təşkil etmişdi. 2024-cü ilin yanvar ayında Azərbaycan banklarının əməliyyat mənfəəti 143,5 milyon manat (2023-ün yanvarında 134,5 milyon manat), xalis mənfəəti isə 99,6 milyon manat təşkil edib (2023-ün yanvarında 90,3 milyon manat). Qeyd edək ki, ölkədəki bankların uğurlu fəaliyyəti vətəndaşların onlara inamı, etibarı ilə yanaşı istehlakçı marağını da artırır. Ancaq bu da bir faktdır ki, son illər bankların öz fəaliyyətində istehlakçı marağını diqqətə almaması müəyyən problemlərə də yol açır.

Ölkədə fəaliyyət göstərən bankların mövcud vəziyyəti ilə bağlı “Cümhuriyət”-in müsahibi sabiq maliyyə naziri, iqtisadçı-ekspert, professor Fikrət Yusifov olub.

"Cebhe.info" müsahibəni təqdim edir.

-Azərbaycan banklarının faiz gəlirləri artıb və bu, banklar üçün müsbət nəticə hesab edilir. Ancaq artan faizlər vətəndaşların banklardan uzaqlaşmasına gətirib çıxarmırmı?

-Bankların digər sektorlardan daha çox mənfəət əldə etməsi heç təəccüblü deyil. İndiki vəziyyətdə fəaliyyətini normal təşkil edən istənilən bank yüksək mənfəət əldə edə bilər. Çünki bankların təklif etdikləri kredit faizləri normal ola biləcək həddən bəzən 2-3 dəfə yüksək olur. Bu sırada o bankların fəaliyyətində problemlər yarana bilir ki, onlar müştərilərinə yüksək faizlə riskli,  yəni təminatı olmayan kreditlər verirlər. Bu şəkildə verilən kreditlər sonradan banklara problemlər yaradır və onları geri qaytarmaq mümkün olmur. Bununla da bankın fəaliyyətində ciddi problemlər yaşanır. Buna dair son illərdə baş vermis çoxsaylı nümunələr göstərmək mümkündür.

Məsələn, Azərbaycan Beynəlxalq Bankının bu sahədə heç də yaxşı olmayan təcrübəsi var. Bu bank yarandığı gündən indiyə qədər ən azı 4 dəfə müflüs olmaq həddinə çatıb, lakin hər dəfə də bankın bank sektorundakı əhəmiyyəti və yeri nəzərə alınaraq, o, dövlət büdcəsinin vəsaitləri hesabına reabilitasiya edilib. Beynəlxalq Bankda hər dəfə bu vəziyyətin yaranmasına səbəb, bank tərəfindən müxtəlif layihələrə heç bir təminatı olmayan milyardlarla manat kreditlərin verilməsi olub. 

Beynəlxalq Bankda son dəfə baş vermiş bu hadisələrin üstü 2015-ci ilin sonlarında açıldı. Məlum oldu ki, bank bir neçə il ərzində 15 milyard manatdan çox təminatsız kreditlər verməklə özünü acınacaqlı duruma salıb. Bankın bu şəkildə səpələdiyi və geri qaytarılması mümkün olmayan kreditləri ilə bağlı aidiyyəti qurumlarda bu günə qədər araşdırmalar davam edir. İnanaq ki, Beynəlxalq bank növbəti dəfə belə yanlışlara yol verməyəcək. 

Bu gün Mərkəzi Bankın yeni rəhbərliyi bank sektorunda yaranmış durumun çözülməsi və bankların üzünün ölkənin iqtisadiyyatına çevrilməsi üçün müvafiq addımlara start verib. Qoyulan hədəflər bəllidir. Ölkə iqtisadiyyatının inkişafında yeni bir dönəmin başlanğıcındayıq. Bunu artıq Prezident İlham Əliyev seçkilərdən dərhal sonra bəyan etdi. Bu səbəbdən iqyisadiyyatın inkişafında əvəzsiz rol oynamağa məhkum bankların fəaliyyəti yeni çağırışlara tam uyğunlaşdırılmalıdır. 

-Bu gün banklar daha aşağı faiz tətbiq edib vətəndaşları cəlb etməkdənsə, əksinə, hətta bir sıra banklarda kreditlə bağlı 22 faizə qədər artım müşahidə edilir. Kiçik və orta sahibkarlığın fəaliyyəti kreditlərin faiz dərəcəsindən asılı deyilmi? 

-Başqa çıxış yolu yoxdur, banklar biznesin əsas maliyyə təminatçısı rolunda çıxış etməlidirlər. Banklar əldə etdikləri mənfəət hesabına bəzən əməkdaşlarına ölkədəki orta aylıq əmək haqqından 10-15 və bundan daha çox dəfə əmək haqqı verməkdə maraqlı olduqları qədər də ölkə iqtisadiyyatın inkişafında maraqlı olmalıdırlar. Ölkə iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta biznes müəssisələrinin maliyyə əlçatanlığı ilk növbədə bankların onlara təklif etdikləri kreditlərin faiz dərəcəsindən asılıdır. İstənilən sektora aid istehsal müəssisələrinin orta rentabellik səviyyəsi 10-12%-dən çox ola bilməz. Bankların təklif etdiyi biznes kreditlərinin faiz dərəcəsi bu səviyyədən yüksək olduqda, müəssisələr belə kreditləri almaqda maraqlı olmurlar. 

Bu səbəbdən indiki durumda uçot dərəcəsinin aşağı salınması olduqca önəmli məsələdir.

Mərkəzi Bank bu ilin fevral ayının 1-də uçot dərəcəsini 0,25% azaldaraq 8,0%-dən 7,75%-ə endirmişdi. Bu, o deməkdir ki, uçot dərəcəsi bundan sonra da zaman-zaman aşağı salınacaq. Mərkəzi Bank bu addımı ölkədə iqtisadiyyatın daha ucuz manata ehtiyacını nəzərə alaraq atır. Nəzərə çatdırmaq istərdim ki, son bir neçə ildə manatın ən aşağı uçot dərəcəsi 2020-ci ilin dekabr ayında qeydə alınmışdı. Həmin vaxt Mərkəzi Bank manatın uçot dərəcəsini 6,25% səviyyəsində müəyyən etmişdi. Sonradan uçot dərəcəsi zamanla dəyişdirilərək hər dəfə artırılmış və nəhayət, 4 may 2023-cü ildə 9,0%-ə qaldırılmışdı. Lakin təəssüflə də olsa qeyd etməliyəm ki, Mərkəzi Bank 2020-ci ilin sonlarında uçot dərəcəsini minimum həddə endirsə də o zaman banklar Mərkəzi Bankın bu addımından heç bir nəticə hasil etmədilər.

Yəni onların Mərkəzi Bankdan aldıqları kredit resurslarının dəyəri iki dəfədən çox ucuzlaşsa da, bu, verilən kreditlərin faizini qətiyyən dəyişdirmədi. İnanıram ki, bu dəfə Mərkəzi Bankın uçot dərəcəsini azaltmaqla bağlı atdığı addımlardan sonra banklar verdikləri kreditlərin faizində müvafiq şəkildə azalmalar edəcəklər. Ən azından Mərkəzi Bank bunu onlardan tələb etməli və bununla bağlı xüsusi meyarlar müəyyənləşdirməlidir.

Nigar Abdullayeva
"Cebhe.info"