“Məmurlar müəllimlərə deyir ki, repetitorluq edin, bizdən maaş artımı istəməyin” - MÜSAHİBƏ

“Məmurlar müəllimlərə deyir ki, repetitorluq edin, bizdən maaş artımı istəməyin” - MÜSAHİBƏ

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

Nazir bildirib ki, normalda müəllim özü dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər. Onun sözlərinə görə, burada qeyri-qanuni heç nə yoxdur:

"Bu, ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”. 

Son illər daha da genişlənən repetitorluq fəaliyyətindən müəllimlər məmnun qalsa da, valideynlər bu prosesdən heç də razı deyil. Belə ki, valideynlər müəllimlərin məktəblərdə tədrislə məşğul olmamasından, eləcə də repetitorlara xeyli vəsait ödədiklərindən şikayətlənirlər.

Son illərin ən aktual mövzusu olan repetitorluq fəaliyyəti ilə bağlı “Cebhe.info”-nun müsahibi pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədovdur:

- İlham müəllim, bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəblərdə müəllimlər dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər. Burada qeyri-qanuni heç nə yoxdur. Sizin fikrinizcə, müəllim öyrətdiklərini dərs zamanı öyrədə bilmirmi ki, dərsdən sonra repetitorluqla məşğul olur? 

- Repetitorluqla bağlı məsələ zaman-zaman gündəmə gəlir. Çünki bu, təhsil sistemimizin ən böyük bəlasıdır. Bu, açıq şəkildə “kölgə təhsili”dir və burada bir çox insanların marağı var. Ölkədə repetitorluq bəlası ilə mübarizə aparılmır, mübarizə əsasən sözdə aparılır, əməldə yox. 

Son vaxtlar bu məsələlər tez-tez hallanır. Əvvəllər belə hallar olanda elm və təhsil naziri deyirdi ki, bütün ölkələrdə olduğu kimi bizdə də repetitorluq var. Düzdür, başqa ölkələrdə də repetitorluq var, amma heç yerdə bizdəki kimi kütləvi deyil. Bizdə bu gün X-XI siniflərdə tədris prosesi tam pozulub. Aşağı siniflərdə də artıq bu hal geniş yayılıb, sinif müəllimləri əlavə qazanmaq üçün min bəhanə ilə şagirdləri repetitorluğa dəvət edirlər. Artıq məktəbəhazırlıq kurslarının da repetitorluğu yaranıb. Universitetdən əvvəl olduğu kimi, universitetdən sonra da repetirorluq halları geniş yayılıb. Universiteti bitirən kimi gənclər magistr imtahanına, MİQ-ə, sertifikasiyaya hazırlıq üçün də repetitordan istifadə edirlər. Yəni formal təhsildən çox repetitorluq təhsili geniş yayılıb. 

- Keyfiyyətli hazırlıq naminə məktəblilər repetitor yanına gedir, ancaq nəticə yenə də yaxşı olmur. Son vaxtlar abituriyentlər ali məktəbə 150 və daha az balla qəbul olurlar. Repetitor təhsili fərdi qaydada, yaxud 2-3 nəfərlik qrupda yaxşı nəticə verə bilər. Bizdə çox halda repetitorlar 10-20 nəfərlik qrupla dərs keçir. Sinifdə də sıxlıq belə olur. Daha bunun nə fərqi oldu? 

- Uşaqlarda belə bir düşüncə formalaşıb ki, aşağı sinifdən müəllim yanına gedəcək. Ona görə də aşağı siniflərdə oxumurlar ki, yuxarı siniflərdə repetitorlar öyrədər. 

Repetitor 11 illik materialı 2 ilə şagirdə öyrədə bilməz. Xüsusən də şagird bir neçə fəndən müəllim yanına gedirsə, uşağın beyni bu qədər məlumatı az vaxtda mənimsəyə bilməz. Ən yaxşı halda əzbərləyə bilər, imtahandan sonra isə az vaxtda materialın hamısını unudacaq. Çünki onların öyrəndiyi elm, sistemli bilik deyil. Onların öyrəndiyi sadəcə tipik testlərin həllidir. Ona görə də onlar universitetə gəldikdə oxumaq çox çətin olur, ali məktəbdə də əzbərçiliyə üstünlük verirlər. 

- Nazir bildirib ki, sertifikasiyadan sonra maaş artımı olacaq, beləliklə də müəllimlərin məktəblərdə repetitorluğunun qarşısını alacağıq. Repetitorluğun qarşısını yalnız maaş artımı ilə almaq mümkündürmü? 

- Ümumiyyətlə, mən repetitorluğu çox ziyanlı hesab edirəm. Nazirlik bunun səbəbini nəhayət ki, bildirdi. Qeyd edilir ki, uzun müddət bizdə müəllimlərin maaşı aşağı olub və ona görə də repetitorluq belə inkişaf edib. Bəli, bu həqiqətdir, repetirorluğun yayılmasının bir səbəbi də budur. Digər səbəb isə 1992-ci ildə test imtahanına keçid ediləndə, şagird, valideyn və müəllimlərdə test haqqında heç bir anlayış yox idi. Şagirdlər bilmirdilər ki, imtahana necə hazırlaşsınlar? Beləliklə də repetitorluq yarandı.

O zaman bunun yaranması təbii idi. Ancaq test imtahanları haqqında insanlarda təcrübə və ətraflı məlumat yarandıqdan sonra nazirlik repetitorluğu tədricən yığışdırmalı idi. Amma bu ləğv edilmədi, əksinə, daha da inkişaf etdi.

Bu gün müəllim peşəsinə maraq artıb və pedoqoji ixtisaslara daha çox abituriyentlər gəlir. Bunun əsas səbəbi bu gənclərin gələcəkdə repetitorluqla məşğul olmaq istəyidir. Müəllimliyin bu gün yeganə cəlbedici tərəfi repetitorluqdur. Çünki müəllimlərin heç bir sosial müdafiəsi yoxdur. Vaxtilə müəllimlərin sosial hüquqları, sosial müdafiələri yüksək idi. Onlar kommunal, nəqliyyat və s. xərclərdən azad idilər. Sonralar bu güzəştlər ləğv olundu.

Təbii ki, maaşın azlığı repetitorluğun yayılmasının əsas səbəblərindən biridir. Digər bir səbəb isə məktəb proqramı, kurikulum və DİM imtahan sualları arasında müəyyən uyğunsuzluqdur. Bu məsələlər də həll olunmalıdır. Bu gün müəllimləri sertifikasiyaya cəlb etməklə maaşı artırırlar. Bu, artım hələlik az sayda müəllimləri əhatə edir. Çünki sertifikasiyadan sonra maaşı artan müəllimlərin sayı heç 20 faiz də deyil. Müəllimin maaşının 900- 1000 manat olduğu yazılır, hesab edirəm ki, belə maaşı az sayda müəllim alır. Ölkə üzrə 150 min müəllimin maaşını götürsək, median maaş yəqin ki, 600 manat ətrafında olar. 

- Bu da bir faktdır ki, repetitorluq həmçinin müəllim-şagird münasibətlərinin pozulmasına gətirib çıxarıb. Bunun qarşısını necə almaq olar?

- Ümumiyyətlə, repetitorluğun qarşısını almağın ən asan yolu, abituriyentləri ali məktəblərə imtahansız qəbul etməkdir. Hansısa bir mexanizm fikirləşmək lazımdır ki, gənclər universitetə imtahansız qəbul olsunlar, məktəblərdə tədris prosesi tam bərpa olunsun, məktəbdə bu proseslərə ciddi nəzarət olsun, bütün dərslər cədvəl üzrə məktəbdə, sinifdə vaxtı- vaxtında keçilsin. Bu gün ənənəvi sinif dərs sistemi ciddi şəkildə zədələnib.

Nəzarət edilməlidir ki, müəllimlər dərsləri keyfiyyətli keçsinlər, valideyn, ictimaiyyət, təhsil məmurları da bu prosesə ciddi nəzarət etsinlər. Əks halda sertifikasiya imtahanlarının keçirilməsinin nə mənası olur? Yəni məktəbin məktəb kimi fəaliyyətini bərpa etmək lazımdır.

Bu gün məktəb daha çox təhsilyönümlü kommersiya fəaliyyəti ilə məşul olan bir quruma çevrilməık üzrədir. Bu gün elə aztəminatlı ailələr var ki, uşaqlarını repetitor yanına göndərə bilmirlər, bu uşaqlar keyfiyyətli təhsil almırlar. Yəqin ki, onların arasında qabiliyyətli uşaqlar da var.

Hazırda şagirdlərdə belə təsəvvür var ki, müəllimə pul verəcəm, məni öyrədəcək. Bu müəllimlə şagird arasında hörmətin, normal pedaqoji ünsiyyətin pozulmasıdır. Təhsil artıq bir dəyər deyil, pullu xidmət olub. Burada artıq müəllim-şagird münasibəti yox, “bazar” münasibəti yaranıb, ona görə də məktəbdə tərbiyə prosesləri də pozulub.

Bütün bunları nəzərə almaq lazımdır. Qəbul imtahanları ləğv edilməli, müəyyən prosedurlarla (attestatla) qəbul aparılmalı, məktəbdə buraxılış imtahanları, məktəbdə tədris prosesi ciddiləşməlidir. Bu halda ola bilsin ki, müəyyən faiz uşaqlar attestat ala bilməsinlər. Ancaq attestat alanlar ali məktəbə imtahansız qəbul olsunlar. Ali məktəb də təhsil müddətində tələbələrdən daha ciddi şəkildə imtahan götürsün. Bu yaxında universitetlərin birində yeni rektorun imtahan sessiyasında ciddi nəzarət təşkil etməsi səbəbi ilə keyfiyyət faizi 90%-dən 60%-ə düşmüşdü. Bu vəziyyət çox şeydən xəbər verir.

Ola bilsin ki, qəbul olan tələbələrin müəyyən hissəsi universitetdən xaric olunsun. İndi ilbəil qəbul planı artır və yaxın illərdə 75 min nəfər tələbə qəbul ediləcəkdir. Qəbul balı isə enir. Ortalama 80-85 min nəfər məktəbdən məzun olur. Yəni abituriyentlərin hamısı universitetə yığdığı baldan asılı olmayaraq, qəbul ola bilirlər, onda repetitorun, imtahanların nə mənası var?

İmtahansız qəbul aparmaq barədə düşünmək lazımdır. Bu halda valideynlərin ailə büdcəsinə ziyan olmaz, tədris prosesi pozulmaz, müəllimlə şagird arasında normal münasibətlər olar, məktəbdə tərbibyə prosesi bərpa olunar.

Bütün bunlar düşünülməli, təhlil edilməli, gələcəyimiz naminə düzgün qərar qəbul edilməlidir. Ancaq repetitorluqla mübarizə hələlik söhbət səviyyəsində gedir. Görünən budur ki, məmurlar repetirorluğu ləğv etmək fikrində deyillər. Bu məqsədlə müəllimlərin maaşının ciddi artırılmasına ehtiyac var. Sanki müəllimlərə mesaj verilir ki, gedin repetitorluq edin, biz gözümüzü yumuruq, ordan qazanın, bizdən maaş artımı istəməyin. Nəticədə müəllim artıq sinifdə dərs demir. Öyrətməli olduğunu sonra repetitor kimi öyrədir.

Nigar Abdullayeva
“Cebhe.info”