4 kənd Azərbaycana nə vaxt qaytarılacaq?

4 kənd Azərbaycana nə vaxt qaytarılacaq?

Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

“Sputnik Ermənistan”-ın məlumatına görə, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. 

Xatırladaq ki, son bir ay ərzində aparılan delimitasiya tədbirləri nəticəsində Qazaxa bitişik dörd kənd - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri Azərbaycan sərhəd qoşunlarının nəzarətinə keçib. Amma Qazaxın üç anklav kəndi - Yuxarı Əskipara, Sofulu və Barhudarlı, eləcə də Naxçıvanın anklav kəndi - Kərki hələ də işğal altında qalır.

 Görəsən, bu dörd kənd nə zaman boşaldılıb Azərbaycana qaytarılacaq?

 Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu "Cebhe.info"-ya şərhində qeyd edib ki, bu məsələlərin yalnız zaman çərçivəsində həll olunması mümkündür: 

"İlk növbədə qeyd edim ki, Ermənistanla Azərbaycan arasında sərhəd ərazilərin ilkin delimitasiyasının aparılması və bunun beynəlxalq hüququn normalarına uyğun olaraq başa çatdırılması mühüm bir hadisədir. Artıq Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində mühafizə sistemləri quraşdırılıb və tikanlı məftillər çəkilib. Yəni həmin istiqamətdə sərhəd ərazilərin toxunulmazlığına nəzarət tam təmin olunub. Dörd anklav kəndlərimizin nə zaman qaytarılmasına gəlincə, təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, bir sıra ölkələr arasında da sərhədlərin delimitasiyası prosesində bu problemlər yaşanır. Bu kimi məsələlərdə ekstra tədbirlərin görülməsinə ehtiyac var. Çünki anklav kəndlərlə kommunikasiyaların qurulması və həmin bölgələrin təhlükəsizliyinin təmin olunması, eyni zamanda ərazidə enerji infrastrukturunun tikilməsi ayrıca mühüm məsələlərdir. 

Buna görə də rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, anklav kəndlərlə bağlı məsələlər danışıqlar prosesinin müəyyən mərhələsində gündəmə gətirilə bilər". 

Politoloqun sözlərinə görə, hər iki ölkə arasında bu kimi məsələlərin həll olunması üçün etibarlı mühit lazımdır: 

"Nəticə etibarı ilə aprelin 19-dan bu günə qədər xeyli irəliləyiş əldə olunub. Lakin buna baxmayaraq, Ermənistan rəhbərliyi hələ də qeyri-səmimi mövqeyindən əl çəkmir. Onlar bəzən sülh sazişinin bir ay ərzində imzalanmasının mümkün, bəzən də qeyri-mümkün olduğunu bəyan edirlər. Bu kimi təzadlı və dəyişkən mövqe anklav kəndlərlə bağlı məsələlərin nizamlanmasına öz təsirini göstərir. Ona görə də hesab edirəm ki, hazırda anklav kəndlərin nə zaman qaytarılacağı barədə proqnoz vermək çətindir". 

Yunis Abdullayev 
"Cebhe.info"