Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılacaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda bildirilir.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz növbəti il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

"Cebhe.info"