Akif Nağı: "Kreml Azərbaycanın mövqeyi ilə hesablaşmalı oldu"

Akif Nağı: "Kreml Azərbaycanın mövqeyi ilə hesablaşmalı oldu"

Xəbər verdiyimiz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmağa başladığını təsdiqləyib:

“Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Qeyd edək ki, Kreml də sülhməramlıların Qarabağı tərk etmə prosesinin planlaşdırıldığı kimi başladığını açıqlayıb.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını səbirsizliklə gözləyirdi:

“Lakin Rusiya hansısa ad altında Azərbaycanda qalmaq üçün müxtəlif vasitələrə əl atırdı. Hətta işğaldan azad olunmuş ərazilərimizdə mina təmizləmə işlərində də iştirak etmək istəyirdi. Buna baxmayaraq, Rusiya rəhbərliyi sülhməramlıları Qarabağdan çıxarmaqla düzgün qərar qəbul etdi.

Bunu Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirmək lazımdır. Azərbaycan planlı şəkildə öz siyasətini həyata keçirir. Rəsmi Bakı geri addım atmadı və öz mövqeyini qəbul etdirdi. Hazırda istər Rusiya, istərsə də digər ölkələr Azərbaycanla hesablaşır. Təbii ki, bu, həm də Azərbaycanın artan nüfuzunun daha bir nümayişi kimi qiymətləndirilməlidir”.

Partiya sədri qeyd edib ki, artıq Rusiya rəhbərliyi özü də sülhməramlıların Qarabağda qalmasına heç bir ehtiyac olmadığını etiraf edir:

“Çünki Kreml Azərbaycanın mövqeyi ilə hesablaşmalı olduğunu başa düşür. Reallıq odur ki, Rusiya hərbçilərini ölkəmizdən çıxarır. Biz onların hər hansısa məkrli plan qurmamasına diqqət etməliyik. Onu da nəzərə almaq lazımdır ki, sülhməramlılar 2025-ci ili gözləmədən bu ilin sentyabr ayına qədər ölkəmizi tərk edəcəklər.

Rusiya tərəfi sülhməramlıların bir hissəni Qarabağdan çıxarmaqla Azərbaycan cəmiyyətini arxayanlaşdıraraq bu prosesi uzadıb hansısa təxribat törədərək qoşunlarını geri qaytarmaq istəyə bilər. Ona görə də indidən Rusiyanın sülhməramlı kontingentinin ölkəmizdən çıxarılmasının qrafiki Azərbaycan tərəfinə təqdim olunmalıdır”.

Akif Nağı vurğulayıb ki, bundan sonra Rusiya sülhməramlılarının ölkəmizə qarşı hansısa təsir imkanlarının qalmasına yol vermək olmaz:

“Ola bilər ki, Rusiya hərbçilərinin bir hissəsini mina təmizləmə işlərində iştirak etmək adı altında bölgədə saxlamaq istəsin. Hesab edirəm ki, o da yolverilməzdir və Azərbaycan qətiyyən bununla razılaşmamalıdır.

Çünki Azərbaycanın mina təmizləmə prosesini sürətləndirmək üçün özünün kifayət qədər mütəxəssisi və texnikası var. Ümumiyyətlə, sülhməramlılar birmənalı şəkildə Qarabağı tərk etməlidirlər və Azərbaycana qarşı hər hansısa təsir imkanları qalmamalıdır”. 

Elmir Mustafa
“Cebhe.info”