Azərbaycan səfiri mərakeşli nazirlə görüşüb

Azərbaycan səfiri mərakeşli nazirlə görüşüb

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ilə Mərakeş Krallığının avadanlıq və su təsərrüfatı naziri Nizar Baraka arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq layihələri, yolsalma, tikinti işlərinin aparılması, nəqliyyat, su təchizatı, meteorologiya, dəniz limanlarının tikilməsi və istifadəsi və digər sahələrdə inkişaf perspektivləri geniş müzakirə edilib. Eyni zamanda müxtəlif sahələr üzrə sazişlərin bağlanmasının mümkünlüyü də müzakirə edilib. Nazir ölkənin bu sahələr üzrə Mərakeşin idarəetmə sistemi haqqında məlumat verib və əməkdaşlıq üçün bir sıra təkliflər verib.

Səfir Mərakeşin Avadanlıq və Su Təsərrüfatı Nazirliyinin Azərbaycanda olan partnyor təşkilatlar və idarəçilik sistemi haqqında məlumat verib və hərtərəfli əməkdaşlıq üçün ilk növbədə həmin partnyorlarla qarşılıqlı səfərlərin təşkilini təklif edib. Nazir bu fikri çox bəyənib və gələcək əməkdaşlıq məqsədilə yuxarıda adıçəkilən sahələr üzrə nümayəndə heyətlərinin Rabata rəsmi səfərə dəvət etməyə hazır olduğunu bildirib.

Səfir bildirib ki, Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edib. Səfir “Qarabağ: əvvəl və sonra” kitabını nazirə təqdim edib. Daha sonra səfir Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bağlı məlumat verib və Mərakeş şirkətlərinin bu prosesdə əməkdaşlıq üçün geniş imkanların olmasını bildirib. Nazir Baraka bu məsələ üzrə dəstək göstərməyə hazır olduğunu bildirib.

Cebhe.info