Ermənilərə Paşinyandan daha artıq can yandıran Kərimli... 

Ermənilərə Paşinyandan daha artıq can yandıran Kərimli... 

Əli Kərimli məkrli niyyətini nümayiş etdirməkdən usanmır.

Adam illərdir peşində olduğu əməli hələ də davam etdirir. O, “YouTube” platformasında növbəti dəfə ənənəsinə sadiq qalıb və Ermənistana təriflər yağdırıb. Kərimlinin ermənilərin azərbaycanlılardan daha yaxşı yaşadığını iddia edəcək qədər cəfəngiyyatı anlaşılandır. Millətinə və dövlətinə nifrət gözünü o qədər tutub ki, Xalq Cəbhəsinin keçdiyi yola, ozamankı missiyasına belə kölgə salmaqdan çəkinmir.

“Ermənistanda siyasi məhbus yoxdur” demək Paşinyandan daha artıq Ermənistana can yandırmaq deyil, bəs nədir? Kərimlinin bu yalanı tirajlamaq cəhdi məlumatsızlıqdan deyil, məkrdən, hər fürsətdəcə öz dövlətinə ləkə yaxmaqdan irəli gəlir. Təbii, kimsə iddia etmir ki, Azərbaycanda həbs olunanlarla bağlı hansısa qanunsuz addım atılmayıb və ya atılmır. Belə faktlar var. Amma bütün olaylara şəxsi qisasçılıqla yanaşmaq və Ermənistan kimi dünyanın ən axırıncı ölkəsini göylərə qaldırmaq da şərəf işi deyil. Kərimli Ermənistanı göylərə qaldırmağı özünə şərəf bildikcə, Azərbaycan xalqının nifrətini daha çox qazanır. Sonra da çıxıb xalqı ittiham edir ki, bəs laqeyddir, biganədir, bizi dəstəkləmir.

Ermənistana təriflər yağdıran deyən bir kimsəni bu xalq dəstəkləyərmi? Əli Kərimli reallığı qəsdən təhrif edir və Ermənistanın “əl-üzünü yuyur”. Ermənistanda olan siyasi məhbusların sayı bəlkə də Qafqaz ölkələrinin ümumi məhbuslarının cəmindən çoxdur. Bilmirmi Əli Kərimli? Bilir. Amma Azərbaycana nifrət pərdəsinə elə bürünüb ki, o qılıfdan sıyrılmağa da həvəsli deyil.

Statistika Ermənistanda siyasi məhbusların sayının az qala hər gün artdığını təsdiqləyir. Kərimli kimi rəngsiz demokrat köynəyi geyinən Nikol Paşinyan özünə, siyasətinə qarşı çıxan hər kəsi bir ucdan həbs etdirir. Bunlar haqqında erməni mediasında belə yetərli və ətraflı məlumatlar var. Bədbəxt ermənilərə divan tutan Paşinyan Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra, yüzlərlə Ermənistan vətəndaşını istintaqa cəlb etdirib. Araşdırmalardan məlumdur ki, təkcə diffamasiyanın pozulmasına görə onlarla şəxsə ittiham elan edilib və məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilənlərin sayı günbəgün artır.

Ermənistanda siyasi fəaliyyətə yasaq var. Görüntü xatirinə bəzi hadisələrə göz yumsa da, Paşinyan hakimiyyəti siyasi təşkilatlara, media və vətəndaş cəmiyyətinin digər subyektlərinə qarşı total hücumunu dayandırmır. Yayılan məlumatlara görə, son bir neçə ayda 50-dən çox şəxs siyasi düşüncəsinə görə həbs edilib.

Bu adamlar siyasi məhbus deyil, bəs nədir? Əli Kərimlinin arşınında siyasi məhbus necə olur? Yoxsa onun arşını elə Paşinyanın arşınındandır? Əli Kərimli kütləni, informasiyaya çıxış imkanı az olanları aldatmaqla məşğuldur. Elə bu kontekslə də Qarabağdakı erməni icmasının reinteqrasiyasına xalqı yalanlarla aldatmaq prizmasından yanaşır. Adam danışdıqca xislətini tam göstərir. O qədər yalan danışır ki, özünün yalan kredosunu belə yeniləyir...

Ermənistanı bütün hakimiyyətləri dövründə Azərbaycan xalqına qarşı cinayətlərinə baxmayaraq, demokratik ölkə sayan Kərimli Azərbaycanda ermənilərə xüsusi imtiyaz veriləcəyini və hətta onların Azərbaycan vətəndaşlarından üstün tutulacağı kimi absurd bir yalanla insanlarda qıcıq yaratmağa cəhd göstərir. Təbii ki, bunu da məqsədyönlü şəkildə edir. Xalqı yalanına inandırmaq və Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına zərbə vurmağa çalışır. Bununla bir daha təkcə iqtidara deyil, dövlətə müxalifət olduğunu nümayiş etdirir. İndi AXCP sədrinin içindəki erməni sevgisini düşünün də...

Bu insanın içində o qədər böyük bir erməni sevgisi var ki, Ermənistanın iqtisadi vəziyyətinin Azərbaycandan daha yaxşı olduğunu da iddia etməkdən utanmır. Hansı ki, çox yox, iki gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin iqtisadi vəziyyətinin Azərbaycandan qat-qat aşağı olduğunu etiraf edərək, bizə həsəd apardığını açıq şəkildə dilə gətirmişdi:

"Ermənistanın və Azərbaycanın dövlət büdcəsinə baxın. Azərbaycan əhalisinə və bizim əhalimizə baxın".

Paşinyan Əli Kərimlidən daha insaflı danışır və heç olmasa, bəzi həqiqətləri dilinə gətirir. Ölkəsində əhalinin vəziyyətinin yaxşı olmadığını etiraf edir, amma Əli Kərimli tam onun da əksini iddia edir. Bəs məntiq nədir? Məntiq Kərimlinin ermənilərə Paşinyandan daha çox can yandırdığını göstərir.

Elmir Mustafa
Cebhe.info