İrəvan Rusiya ilə bağlarını qoparır: Qərbdən hansısa təminat varmı?
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının müddəti uzadılıb.
Erməni mətbuatının yaydığı məlumat görə, İrəvan və Brüsse Ermənistan-Azərbaycan sərhədində Aİ-nın müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
Bu sazişə Aİ-nın müşahidə missiyasının müddəti və fəaliyyəti ilə bağlı yeni müddəalar əlavə edilib.
Maraqlıdır, Ermənistanın Azərbaycanla sərhəd ərazilərində son bir neçə il fəaliyyət göstərən, Fransa və Almaniyanın polis və təhlükəsizlik orqanlarının işçilərindən ibarət olan Aİ-nın müşahidə missiyasının, demək olar ki, heç bir əməli addımı müşahidə edilməyib.
Ermənistan-Azərbaycan sərhəd ərazilərində hərbi vəziyyətin gərginləşdiyi zaman missiyanın heyəti heç bir prosesə qarışmağa cəhd göstərməyib. Məhz bu müşahidə missiyasının fəaliyyət istiqamətləri də bəlli deyil.
Belə olan halda Paşinyan hakimiyyəti hansı səbəbdən Brüssel ilə Aİ-nın müşahidə missiyasının statusu barədə saziş imzalayır?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistanın Qərblə münasibətlərini daha da inkişaf etdirməkdə məqsədi Rusiyanın təsir dairəsindən uzaqlaşmaqdır:
“Qeyd edim ki, Moskvanın təsir dairəsindən uzaqlaşmaq və Rusiyanı regiondan kənarlaşdırmağı qarşısına məqsəd qoyan Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə addımlarını daha da intensivləşdirib.
Qərbin köməkliyi ilə hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası ABŞ və Avropa İttifaqı qarşısında müəyyən öhdəliklər götürüb. Həmin öhdəlikləri icra etmək üçün konkret addımlar atmağa başlayıb.
Xatırladım ki, birinci mərhələdə Ermənistan-Azərbaycan sərhədində Aİ-nın müşahidə missiyasının heyəti 50 nəfərdən ibarət idi. Əlbəttə, Azərbaycan öz ərazisində hər hansı missiyanın yerləşməsinə razılıq vermədi. Amma Ermənistan həmin müşahidə missiyasının öz ərazisində sərhəd boyunca yerləşməsini təmin etdi. Bundan sonrakı mərhələdə isə Aİ-nın müşahidə missiyasının heyətinin sayı daha da artıb. Deyilənə görə, bu say artıq 300-ü keçib.
Azərbaycanın sərhədinə yaxın ərazilərdə yerləşən Aİ-nın müşahidə missiyası Almaniya və Fransanın polis və təhlükəsizlik orqanlarının işçilərindən ibarətdir. O ki qaldı İrəvanın Brüssel ilə imzaladığı sazişin məramına, məsələ burasındadır ki, Ermənistanın son addımları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından uzaqlaşmağa istiqamətlənib.
Tezliklə Ermənistanın Gümrü və İrəvanda rus hərbi bazasının ölkədən çıxarılması məsələsi gündəmə gələ bilər. Yəni Ermənistan hakimiyyətində hesab edirlər ki, rus bazasının ölkədən çıxaralacağı təqdirdə onun yeri hər hansı güc mərkəzinin hərbi qüvvələri doldurulmalıdır.
Məhz Aİ-nın Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması faktiki olaraq kəşfiyyat xarakterlidir. Şübhəsiz ki, müşahidə missiyanın yarı hərbiləşdirilmiş heyəti Ermənistanda ərazilərin öyrənilməsi və hansı yerdə mühafizənin təşkili ilə bağlı tədqiqatlar aparır”.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Aİ-nın müşahidə missiyasına bu dərəcədə önəm verməsi özünün təhlükəsizliyinin təminatı ilə bağlıdır:
“Ermənistan həmin təhlükənin Azərbaycandan deyil, məhz Rusiyadan gələcəyini düşünür. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat verib ki, rəsmi Bakının Ermənistan ərazisinə müdaxilə etmək ilə bağlı niyyəti yoxdur.
Rəsmi İrəvanın Vaşinqton tərəfindən dəstəklənməsi, Fransanın Ermənistana müasir silah-sursat tədarük etməsi və Aİ-nın təşəbbüsü ilə Avropa Sülh Fondunun Ermənistana maliyyə yardımı ayırması, bütün bunların hamısı Rusiyanın əleyhinə yönələn hədəflərdir”.
Politoloq bildirib ki, ABŞ, Avropa İttifaqı və Fransa Ermənistanda həm fərqli, həm də ortaq maraqlar bölüşürlər:
“Ortaq maraqlar Rusiyanın Ermənistanda siyasi, iqtisadi və hərbi imkanlarını tam məhdudlaşdırmaq, rus hərbi bazasını ölkədən çıxarmaq və Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmağa hədəflənib.
Həm ABŞ, həm də Fransa Ermənistanda hərbi mövcudluğunu formalaşdırmaq niyyətindədirlər. Bundan savayı, ABŞ Ermənistanı regionda İrana qarşı mübarizəni gücləndirmək üçün münasib məkan kimi də nəzərdən keçirir.
Ümumiyyətlə, ABŞ, Avropa İttifaqı və Fransanın Cənubi Qafqaz ilə bağlı əsas strateji hədəfləri regionda geostrateji və geosiyasi güc mərkəzinə çevrilməkdir.
Bu gün Qərbin Azərbaycana təzyiq etməkdə məqsədi də onun geosiyasi maraqlarından irəli gəlir”.
Yunis Abdullayev
Cebhe.info