Suverenliyin tam təmini üçün SON DÖYÜŞ

Suverenliyin tam təmini üçün SON DÖYÜŞ

Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür. 

Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa bu tədbirlərlə son qoydu və suverenliyimiz tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. 

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Baş verən proseslər xalqımızın yaddaşında əbədi iz qoydu. 

Həmin tarixi hadisələrlə bağlı millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Qarabağda yerləşən erməni separatçılarına qarşı antiterror tədbirlərinin həyata keçirilməsi zəruri idi və bu, bilavasitə beynəlxalq normalara tam cavab verirdi: 

“Çünki 44 günlük müharibədə Azərbaycan Ordusu, xalq öz iradəsini ortaya qoyub, torpaqlarımızın çox hissəsi düşməndən azad etmişdi. 

Ermənistan ordusu məğlub olsa da, məğlubiyyəti qəbul etsə də, ancaq Qarabağdakı separatçılar yenə də öz mövqelərindən əl çəkmək istəmir, yerləşdikləri ərazilərdə mövqelərini möhkəmləndirməyə, yeni silah-sursat almağa çalışırdılar. Əlbəttə, onlara Ermənistandan, eləcə də onlara havadarlıq edən, xüsusilə Fransa, ABŞ, Hindistan və digər ölkələr hərbi-maddi yardım göstərir və separatçılar revanş götürmək üçün döyüşə hazırlaşırdılar. 

10 noyabrda qəbul edilmiş Bəyanatın şərtlərinə görə, az bir müddətdə erməni separatçıları Qarabağ torpaqlarını tamamilə tərk etməli və digər ermənilər Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq orada qalıb yaşamaq hüququ qazanmalı idilər. Lakin çox təəssüf ki, Ermənistan rəhbərliyi Nikol Paşinyan başda olmaqla ölkənin siyasi dairələri buna əməl etmədilər. Əksinə, onlar Laçın yolu ilə İran vasitəsilə Qarabağa hərbi yardımları artırdılar. 

Oraya müəyyən təlimçilər, xarici ölkələrin siyasi dairələri və Azərbaycana qarşı terror yolunu tutan insanlar cəlb olunmağa başladılar. Azərbaycan Prezidenti dəfələrlə öz bəyanatlarında, çıxışlarında bunun yolverilməzliyini göstərməklə bərabər, həm də Ermənistana xatırlatdı ki, Bəyanatda əksini tapan tələblərə əməl olunmalıdır, separatçılar bu torpaqları tərk etməlidirlər, ermənilər əgər Azərbaycan vətəndaşlığını qəbul edib Konstitusiya tələblərinə uyğun olaraq burada yaşamaq istəyirlərsə qalıb yaşaya bilərlər. Onların hüquqları, mənafeləri tam qorunacaq. 

Ancaq Ermənistan, eləcə də Qarabağda olan separatçılar bu bəyanatları qulaqardına verdilər və özlərinin çirkin niyyətlərini davam etdirmək üçün vaxtaşırı olaraq atəşkəsi pozdular. Yeni səngərlər qurmağa, Qarabağda formalaşmağa cəhd göstərdilər. Məhz buna görə də ayın 19-da antiterror tədbirlərinin həyata keçirilməsi bir zərurətə çevrildi. 

Bundan bir neçə gün əvvəl ermənilər ərazilərdə atəşkəsi dəfələrlə pozmuşdular. Kəlbəcər, Laçın, Naxçıvan istiqamətində atəşkəs pozulmuş və erməni silahlıları yenidən mövqelərini möhkəmləndirməyə çalışmışdılar. 

Verilən bəyanatlara, göstərilən səylərə baxmayaraq, Ermənistan sülhə gəlmədi və hərb yolunu vacib hesab etdi. Nəticədə Azərbaycan ordusu sentyabrın 19-da terrorçuları həmin torpaqlardan qovmağa, məhv etməyə məcbur oldu. Beləliklə, 23 saat 43 saniyə davam edən döyüş müddətində separatçıların bütün döyüş mövqeləri tamamilə məhv edildi və onlar ağ bayraq qaldırmağa məcbur oldular”. 

Millət vəkilinin sözlərinə görə, bu döyüş, qazanılan qələbə Azərbaycanın suverenliyinin möhkəmlənməsi, müstəqilliyinin tam təmini və bilavasitə haqq yolu idi: 

“Çünki Azərbaycan torpaqları 30 ildən artıq işğal altında qalmışdı. Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı qeyri-şərtsiz tərk etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ortada idi. Bir çox beynəlxalq təşkilatlar Ermənistanın əraziləri tərk etmələri haqqında müəyyən qərarlar, tapşırıqlar imzalamışdılar. 

Ancaq bu müddətdə şəhər və kəndlərimiz talan edilib, Ermənistan heç bir beynəlxalq normalara, qətnamə və qərarlara məhəl qoymamışdı. Belə olan halda Azərbaycan Prezidenti, şanlı ordumuz, xalqımız öz sözünü deməyə məcbur idi və antiterror əməliyyatı keçirildi. Biz bu günümüzlə qürur duyuruq. Çünki 20 sentyabrda antiterror tədbirlərin həyata keçirilməsi və Ermənistan silahlı ordusunun məhv edilməsi, o ölkənin özlərini məğlub hesab etməsi Azərbaycanın şanlı tarixidir. Bu tarixi gündə dövlətimizin suverenliyini tam təmin edildi. Azərbaycan Prezidentinin qətiyyətini, uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi. 

Azərbaycan Ordusunun güclü, döyüşkən olduğunu göstərdi, xalqımızın birliyinin, həmrəyliyinin nümunəsinə çevrildi. Qələbəmiz nəinki xalqımız, eləcə də dünyanın bir çox sülhsevər dövlətləri tərəfindən yüksək qiymətləndirildi və bu gün də bu yolda apardığımız mübarizə qiymətləndirilir. Azərbaycan bu günü ilə fəxr edə bilər. Xalqımız bu günü ilə qürurludur və dövlətimizin gələcək uğurları bu qələbədən çox asılıdır. 

Artıq sərhədlərimiz mühafizə olunur, Azərbaycan oğulları Vətənin keşiyində möhkəm dayanıblar və 20 sentyabr xalqımız tərəfindən qürur hissi ilə qeyd edilir. Bu yol bizi yeni qələbələrə aparır və yeni uğurlara çağırışdır”.

Həmsöhbətimiz bildirib ki, bu qələbəyə kölgə salmaq istəyən bəzi dövlətlər yenə də Ermənistanı müdafiə etməkdədirlər:

“ABŞ, Fransa kimi dövlətlər Ermənistanı silahlandırırlar, ona maddi-mənəvi yardım göstərirlər. Avropa İttifaqı, AŞPA özünün siyasi deyil, şəxsi mövqeyindən çıxış edərək yenə də ermənipərəst mövqelərini ortaya qoyurlar. Ancaq bütün bu cəhdlər əbəsdir. 

Azərbaycan Prezidenti, Ordusu, xalqı sülhün, əmin-amanlığın keşiyindədir və bu yolda mübarizəsini davam etdirir. Sözsüz ki, haqq-ədalət qalib gələcək və bu yolda aparılan hər bir mübarizə Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicini artırmaqda, ona yeni şan-şöhrət gətirməkdədir. Yolumuz uğurlu, qələblərimiz davamlı olsun”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”