Niyə məhz Yevlax? - Ermənilərlə görüşün bu şəhərdə keçirilməsinin İKİ SƏBƏBİ

Niyə məhz Yevlax? - Ermənilərlə görüşün bu şəhərdə keçirilməsinin İKİ SƏBƏBİ

“Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün Yevlaxda keçirilməsi təsadüfi deyil”.

Bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında deyib. O bildirib ki, görüşün Yevlaxda keçirilməsinin iki səbəbi var:

“Birincisi, Yevlax strateji cəhətdən ermənilərin gəlməsi üçün yaxın məsafədə yerləşməsidir. İkincisi isə 1987-88-ci illərdə ermənilərin ortaya atdığı iddialardır. Onlar iddia edirdilər ki, Yevlax Ermənistan ərazisidir. Yevlaxı işğal edəcəklərini söyləyirdilər və hətta uydurduqları “Böyük Ermənistan” xəritəsinə də həmin şəhəri daxil etmişdilər. Lakin görüşün Yevlaxa təyin olunması bir daha erməniləri reallıqlarla üz-üzə qoymaqdır. Azərbaycan bir daha ermənilərə göstərdi ki, onların düşündüyü ütopiya başqa, reallıq isə başqadır”.

Ekspert qeyd edib ki, bu görüşdə nə isə müzakirə edilməyəcək, onların qarşısına konkret tələblər qoyulacaq:

“Onlar mütləq şəkildə tələblərimizi yerinə yetirməlidirlər. Xankəndidəki “parlament” və “prezident” kimi tör-töküntülər tamamilə yığışdırılacaq. Azərbaycanın təyin etdiyi şəxslər Qarabağdakı yerli idarəetmə orqanlarına rəhbərlik edəcəklər. Azərbaycanda olan mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələri orada yaradılacaq və eyni fəaliyyət sistemi qurulacaq”.

Elmir Mustafa
Cebhe.info