Paşinyan Qərbə eyham vurur: “Yanlış addım atacağı təqdirdə...”

Paşinyan Qərbə eyham vurur: “Yanlış addım atacağı təqdirdə...”

“Bu gün biz minalanmış sahədəyik və buradan çıxmaq üçün geniş bir seçimimiz yoxdur. Deyərdim ki, bu minalanmış sahədən yalnız bir çıxış yolu var”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib  ki, hakim siyasi gücün vəzifəsi vəziyyəti qiymətləndirmək, mövcud vəziyyəti ictimaiyyətlə bölüşmək və bu vəziyyətdən çıxmaq yollarını göstərməkdir:

“Eyni zamanda, bu yolun risklərini göstərmək və onları idarə etmək üçün mümkün üsul və ya vasitələri göstərməkdir. Əgər səhv addım atsam, bu minalanmış sahədə partlayacağam. Bunu da ictimaiyyətə çatdırmağa borcluyam”.

Maraqlıdır, Nikol Paşinyan burada hansı ölkəni nəzərdə tutur?

“Beynəlxalq Münasibətlər" və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, məhz Nikol Paşinyan Azərbaycan və Rusiyadan bəhs edir:

“O, səhv addım atacağı təqdirdə problem yaşayacağını deyərək Qərbi də ağlından keçirmiş ola bilər. Çünki Qərb Paşinyanı Rusiyaya qarşı qaldırmaq və Azərbaycanla sülh müqaviləsini imzalamağını ləngitmək üçün müxtəlif formada dəstək verir.

Bu səbəbdən də Paşinyan özünün hazırkı vəziyyətini minalanmış sahədə qalmış insanın vəziyyəti ilə müqayisə edir. O, dolayısı ilə də Ermənistanın nə qədər çətin vəziyyətə düşdüyünü etiraf edir. Paşinyan hesab edir ki, yanlış addım atacağı təqdirdə, Rusiya tərəfindən cəzalandırıla bilər”.

Politoloqun sözlərinə görə, bu, həm də Ermənistan ictimiayyəti və Qərbə verilən mesajdır:

“Paşinyan deməyə çalışır ki, Qərb onu sıxışdırmasın. Çünki Rusiya da onu çox sıxışdırır. Nəzərə almaq lazımdır ki, Rusiya və Qərb tərəfindən eyni anda sıxışdırılmaq Ermənistanın yanlış yola getməsinə gətirib çıxara bilər. Paşinyanın da fikirlərinin məğzi bundan ibarətdir”

Elmir Mustafa
“Cebhe.info”