Qarakənd faciəsi: Xəbəri verən diktor məndən üzr istədi - İsmət Qayıbovun oğlu

Qarakənd faciəsi: Xəbəri verən diktor məndən üzr istədi - İsmət Qayıbovun oğlu

Atam həmişə deyərdi ki, “mənim atam da, anam da yanımdadır".

Çünki mənə atasının, bacıma isə anasının adını qoymuşdu. Mən onun üçün hər şey idim. O da mənim üçün hər şey idi.

Bunu İTV-yə açıqlamasında Azərbaycan Respublikasının ilk Baş Prokuroru, Qarakənd faciəsində həlak olan İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov bildirib.

O qeyd edib ki, İsmət Qayıbov helikopterdə olmamalı idi.

"Ermənilərin yandırdığı kəndə baxmağa getdilər. Əslində, atam vertolyotda olmalı deyildi. Təyyarənin vurulduğunu və Tofiq İsmayılov, Məhəmməd Əsədov, eləcə də başqa bir neçə nəfərin öldüyü ilə bağlı xəbər verdilər. Mən həmin an fikirləşdim ki, atam orada olmalı deyildi. Bir yandan məni xəbərin vahiməsi tutmuşdu. Həm də atamı fikiləşirdim. Dedim ki, “onlar təyyarə ilə hara gedirlər? Orada aeroport yoxdur”.  Birinci təyyarə xəbəri verildi. Sonradan məlum oldu ki, vertolyotla gediblər”.

İsmayıl Qayıbov həmin günü belə xatırlayır:

“Saat 8-də xəbərlər verilişi olmalıydı. Lakin veriliş olmadı, biraz gecikdi. Rəhmətlik diktor Rafiq Hüseynov adları bir-bir çəkməyə başladı. Mənim atamın da adını çəkdi. Rafiq Hüseynovu təsadüfən gördüm. Dedi ki, “ Məni bağışla. Mən nə edə bilərdim. Kaş həmin adları, o cümlədən atanın adını çəkməkdənsə, mən ölərdim”. Çünki atamla dost idilər. Hər dəfə işlə əlaqədar Moskvaya ya başqa yerə gedirdi. Həmişə evdəkilərlə sağollaşır, bizi qucaqlayır elə gedirdi. Bu dəfə elə olmaldı. 3 qızdan sonra bir oğlum oldu. 2 həftədən sonra 4 yaşı olacaq. İsmət İsmayıl oğlu Qayıbov tam atamın adaşıdır. Baxıram, ki, atam xasiyyətdədir”.

Xatırladaq ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən  Azərbaycan hərbi helikopteri vurulub. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Cebhe.info