Qazaxın 4 kəndi qaytarıldı: 3 kəndin aqibəti necə olacaq?

Qazaxın 4 kəndi qaytarıldı: 3 kəndin aqibəti necə olacaq?

Aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında şərti sərhəddə Azərbaycan və Ermənistan Respublikasının Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mehr Qriqonyanın sədrliyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın növbəti iclası keçirilib.

Qeyd edək ki, komissiyanın 8-ci iclasında hər iki tərəf iki ölkə arasında sərhəd ərazilərin ilkin delimitasiyası üzrə razılığa gəlib.

Sözügedən komissiyasının iclasının yekunlarına görə, delimitasiyanın ilkin mərhələsində sərhəd xəttinin müəyyən hissələrinin Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, həmçinin Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı kəndləri arasında yerləşməsi barədə razılaşdırılıb.

Nəticə etibarı ilə Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib. 

Ermənistan KİV-lərinin məlumatlarına görə, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrım, Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı kəndlərindən çıxarmağa başlayıb.

Qeyd olunur ki, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək.

Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın son iclasının bəyanatında vurğulanır ki, Azərbaycan və Ermənistan delimitasiya prosesi1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.

Tezliklə Qazaxa bitişik dörd kənd – Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ölkəmizin nəzarətinə keçəcəyinə şahidi olacağıq.

Maraqlıdır, Qazaxın üç anklav kəndi - Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri nə zaman qaytarılacaq? Bu kəndlərin qaytarılması rəsmi Bakı ilə İrəvan arasında imzalanması gözlənilən sülh sazişindən əvvəl, yoxsa sonra baş tutacaq?  

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, yaxın zamanda üç anklav kəndin də qaytarılması baş tutacaq:

"Son zamanlar Cənubi Qafqaz regionunda baş verən hadisələr mühüm tarixi hadisələrdir. Bu hadisələr birmənalı şəkildə regionda sülhün və əmin-amanlığın bərqərar olunmasında xüsusi əhəmiyyət kəsb edir, habelə yaxın gələcəkdə regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Həm rus sülhməramlıların ərazilərimizi tərk etməsi, həm də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinin başlanılması ölkə tarixində çox mühüm hadisələr kimi yadda qalacaq. Artıq Ermənistan Qazaxa bitişik dörd kəndi - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərini Azərbaycana qaytarmağa hazırlaşır. Bu məsələlər böyük ehtimalla Azərbaycan tərəfi ilə də əvvəlcədən razılaşdırılıb.

Qazaxın üç anklav kəndi - Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin nə zaman qaytarılacağına gəlincə, bu, ikitərəfli delimitasiya prosesi çərçivəsində həll olunacaq. Hesab edirəm ki, rəsmi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasından əvvəl üç anklav kənd boşaldılıb Azərbaycana qaytarılacaq.

Ümumiyyətlə, delimitasiya prosesinin birbaşa sülh sazişi ilə bağlılığı yoxdur. Çünki hər ikisi tam fərqli məsələlərdir. Sülh sazişində rəsmi Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanıyacaqlar. Yəni hər iki tərəf bir-birinə hücum etməmək barədə öhdəlik götürəcəklər".

Qazaxın üç anklav kəndinin qaytarılması müqabilində Azərbaycanın de-fakto nəzarəti altında olan Başkəndin Ermənistanın nəzarətinə verilməsi məsələsinə gəlincə, E.Xalidbəyli vurğulayıb ki, belə məsələlər yalnız müəyyən xəritələr vasitəsilə öz həllini tapa bilər:

"Təbii ki, ölkələr arasında sərhədlərin delimitasiyası beynəlxalq hüququn normaları əsasında aparılır. Bildirim ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası sovet dövründə hazırlanan xəritələr üzərində də aparıla bilər.

Məlumatlara görə, hər iki tərəf sərhəd ərazilərin delimitasiyasının 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsi üzərində aparılması ilə bağlı razılığa gəliblər. Amma rəsmi Bakı hələ bu məsələdə öz mövqeyini açıqlamayıb. 

Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiyasının hansı xəritələr üzərindən aparılacağı hələlik məlum deyil. Bu məsələlər tam aydınlaşmayana qədər işğaldakı esklav kəndlərin mübadiləsindən danışmaq hələ tezdir. Biz bilmirik ki, hansı xəritələr üzərində sərhəd xətləri müəyyənləşəcək". 

Yunis Abdulayev 
"Cebhe.info"