Qərbi azərbaycanlılara hansı güzəşt və imtiyazlar veriləcək?

Qərbi azərbaycanlılara hansı güzəşt və imtiyazlar veriləcək?

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutula bilər.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış strategiyası nəzərə alınmaqla Qərbi Azərbaycan qaçqınlarının hüquqlarının keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutulması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Bəs keçmiş məcburi köçkünlərin hüquqları və imtiyazları nələrdir?

Qanunvericiliyə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkün hesab olunurlar.

Məhz bu kontekstdə Qərbi Azərbaycan qaçqınlarının hüquqlarının tanınması onların sosial rifahı, hüquqi statusunun müəyyən edilməsi və gələcəkdə doğma torpaqlarına qayıdışı baxımından vacibdir. 

Bununla bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutula bilmə ehtimalı artır:

O qeyd edib ki, Azərbaycan dövləti mühüm bir vəzifənin öhdəsindən gələrək məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması üçün torpaqlarımızı işğaldan azad etdi.

"İlkin mərhələdə, 90-cı illərin əvvəllərində məcburi köçkün vəziyyətinə düşmüş 750 mindən çox vətəndaşımızın öz doğma torpaqlarına qayıtması nəzərdə tutulur. Bu  daha böyük sayda insanın doğma yurdlarına dönüşünə imkan yaradacaq. Bununla da Azərbaycan dövləti sosial dövlət olaraq sosial siyasətinin mühüm bir hissəsini həyata keçirmiş olacaq".

Millət vəkili vurğulayıb ki, qaçqın və məcburi köçkünlər üçün inşa edilən evlər, onların məşğulluğunun təmin edilməsi, infrastrukturların yaradılması önəmli məsələlərdir:

"Bundan sonra Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan insanların hüquqları daha da aktuallaşacaq. Düşünürəm ki, bu yanaşma çox dəyərlidir. Bu həmin insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması, həm də onlar öz tarixi torpaqlarına qayıdana qədər cəmiyyətin sosial strukturlarında mövqelərinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, bu məsələ daim həm Azərbaycan cəmiyyətinə, həm də bütün dünyaya xatırladacaq ki, Azərbaycanda belə bir problem mövcuddur və 300 mindən çox qaçqın öz tarixi torpaqlarına qayıdacaq".

Səbinə Uğur 
"Cebheinfo.az"