Qərbin Kreml planı: Belə getsə, Rusiya Qafqazda təsirini itirəcək?

Qərbin Kreml planı: Belə getsə, Rusiya Qafqazda təsirini itirəcək?

Ukrayna ilə müharibənin Rusiyanın ərazilərinə sıçraması Cənubi Qafqazda hazırkı proseslərə mənfi təsir göstərə bilər.

Avqustun 6-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücuma keçib. Hazırda bu bölgədə Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirir. 

Rusiya KİV-lərinin məlumatına görə, hücumun ilk günündə 1000 ukraynalı əsgərin sərhədi keçib. 

Qeyd olunur ki, Ukrayna hərbçiləri hücum əməliyyatı zamanı tank və zirehli texnika, həmçinin pilotsuz uçuş aparatlarından istifadə edib. Hətta Rusiya rəsmiləri iddia edirlər ki, Ukrayna artilleriya zərbələri də endirir.

Artıq Avropaya Ukrayna üzərindən gedən qaz xəttinin yerləşdiyi Sudja şəhərinin Ukrayna ordusunun nəzarətinə keçməsi barədə xəbərlər də yayılıb.

Bəzi rusiyalı blogerlər sosial şəbəkələrdə belə bir məlumat yayıblar ki, Ukrayna Silahlı Qüvvələri Sudjadan təxminən 60 km şimal-şərqdə yerləşən Kursk Atom Elektrik Stansiyasına (AES) doğru irəliləyir.

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun hücumunu nə zaman dəf edəcəyi və onları ölkə ərazisindən çıxaracağı məlum deyil. Amma hazırda baş verən proseslər Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi nüfuzuna ciddi təsir göstərə bilər. 

Maraqlıdır, Ukrayna ilə müharibənin Rusiyanın ərazisinə sızması, yaxın perspektivdə bu müharibənin Rusiyanın içərlərinə doğru yayılması Moskvanın Cənubi Qafqazda geosiyasi dayaqlarını daha da zəiflədəcək? Qərb bundan istifadə etməklə Rusiyanı Ermənistandan çıxarmaq üçün addımlarını daha da intensivləşdirəcək? Qərb açıq şəkildə Cənubi Qafqaza daxil olmağa cəhd edəcək? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bu, Rusiya postsovet regionunda dayaqlarını zəiflədə bilər: 

“Təbii ki, Ukrayna savaşının Rusiya ərazisinə keçməsi Kremlin postsovet regionunda geosiyasi və geostrateji mövqelərinə təsir göstərəcək. Bu, Moskvanın Cənubi Qafqazda manevr imkanlarını məhdudlaşdıra bilər.

Rusiyanın Cənubi Qafqazda mövqeləri zəiflədiqcə, ABŞ və Avropa İttifaqının bu regiona müdaxilə imkanları daha da genişlənir. Hazırda Ermənistanda ABŞ-nin hərbi kontigentinin yaradılması ilə bağlı məlumatlar da dolaşır.

Amma Ermənistanın Rusiyanın təsir dairəsindən tez bir zamanda çıxacağını iddia etmək üçün heç bir əsas yoxdur. Ermənistan istər siyasi, istərsə iqtisadi, istərsə də enerji cəhətdən Rusiyadan tam asılıdır.

Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması üçün ya Rusiya bir dövlət olaraq parçalanıb məhv olmalıdır, ya da Rusiyanın içərisində çox ciddi təlatümlər baş verməlidir.

Eyni zamanda İrəvanı Rusiyanın təsir dairəsindən çıxmağa hazırlamaq üçün ABŞ və Aİ Ermənistana maliyyə, iqtisadi və hərbi dəstəyi maksimum səviyyədə artırmalıdır. Hətta belə bir yardım göstərilsə belə, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşması prosesi on illər çəkəcək. Ona görə də hazırda Ermənistanın bu istiqamətdə addımlar atması üçün imkanlar görünmür. 

Sadəcə olaraq, ABŞ və Aİ Ermənistandan istifadə etməklə Cənubi Qafqazda öz geosiyasi və geostrateji maraqlarını təmin etmək istəyirlər. 

Yəqin ki, Ukraynada müharibə başa çatandan sonra Ermənistanla bağlı məsələ Kremlin masasının üzərində olacaq. Elə o zaman Ermənistanın taleyi müəyyən ediləcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”