Qəzza kimə təhvil veriləcək?

Qəzza kimə təhvil veriləcək?

“İsrailin Qəzzadakı hərbi əməliyyatlarının əsas hədəfi HƏMAS-ı tamamilə zərərsizləşdirməkdir”.  

Bu sözləri Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında İsrail-HƏMAS müharibəsinin son nəticələrini şərh edərkən bildirib. 

O bildirib ki, Qəzza zolağındakı müharibə kəskinləşməyə doğru gedir:

“İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi mətbuata açıqlamasında bildirib ki, Qəzza zolağının şimal ərazilərində hərbi əməliyyatlar başa çatandan sonra növbəti mərhələ ilə bağlı yeni plan tətbiq ediləcək.

Artıq bu plan təsdiqlənib. Tezliklə İsrail ordusu Qəzza zolağının şimalında hərbi əməliyyatları baş vuracaq. İsrailin Baş naziri Benyamin Netanyahu, o cümlədən ölkənin yüksək rütbəli hərbi rəsmiləri dəfələrlə vurğulayıblar ki, bu əməliyyatların əsas hədəfi HƏMAS-ın bütün hərbi obyektlərini zərərsizləşdirməkdir.

Ona görə də ehtimal etmək olar ki, İsrail Qəzza zolağını tamamilə nəzarət altına almağa çalışır. Əlbəttə, yaxın perspektivdə Qəzzanın Fələstin administrasiyasının nəzarətinə verilməsi gözlənilir. 

Çünki bir müddət əvvəl FƏTH Partiyası və onun lideri, Prezident Mahmud Abbas Qəzza zolağını idarə etməyə hazı olduğunu bildirib. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, bir müddətdən sonra Qəzza zolağı HƏMAS-ın idarəçiliyi altında olmayan əraziyə çevriləcək. Həmçinin İsrail hakimiyyətinin özü də bəyan edib ki, İsrail ordusunun Qəzzada daim qalmaq istəkləri yoxdur”.  

Politoloqun sözlərinə görə, HƏMAS-ın zərərsizləşdirilməsi İsrailin təhlükəsizlik strategiyasında ilkin prioritet hesab olunur: 

“HƏMAS İsrailin məhvini istəyən və onun təhlükəsizliyinə təhdid yaradan İran İslam Respublikasının bölgədəki təmsilçisidir. Həm HƏMAS, həm də İran hakimiyyəti qarşılarına İsrailin məhv edilməsi məqsədi qoyub. İsrailin hərbi-siyasi rəhbərliyi HƏMAS-ı zərərsizləşdirməklə həm də İran hakimiyyətinin regiondakı imkanlarını məhdudlaşdıracaq”.

Sədrəddin Soltan bildirib ki, Fələstində yen siyasi qüvvələrin hakimiyyətə gəlməsinə ehtiyac var:

“Çünki FƏTH SSRİ-yə bağlı olan “soyuq müharibə”dən qalma bir təşkilatdır. Fələstinin yeni siyasi düşüncələrə malik olan rəhbərliyə və idarəetməyə ehtiyacı var. Yeni siyasi hakimiyyət ona görə lazımdır ki, ölkə İsrail ilə münasibətlərin normallaşmasına, hətta qarşılıqlı güzəştlərə getməyə hazır olsun. 

Yeni siyasi qüvvələrin meydana çıxacağı istisna deyil. Sadəcə olaraq, bu qüvvələr ictimaiyyətə təqdim olunmur. Ona görə ki, Fələstin hələ də həssas bölgə olaraq qalır. İstənilən halda radikal ünsürlər təbliğ olunan yeni siyasi qüvvələrə təhlükə yarada bilər”. 

Yunis Abdullayev 
Cebhe.info