Ramil Həsən: ”Ermənistan təzminat ödəməyə məcbur olacaq” - MÜSAHİBƏ

Ramil Həsən: ”Ermənistan təzminat ödəməyə məcbur olacaq” - MÜSAHİBƏ

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.

Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Hazırda “Qərbi Azərbaycan İcması” İctimai Birliyi hazırda azərbaycanlıların deportasiyaya məruz qalması və Qərbi Azərbaycana qayıdışla bağlı ciddi iş aparır.

Aprılan işlə bağlı deputat, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Cebhe.info-nun suallarını cavablandırıb.

- Ramil bəy, Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb ki, azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb. Cinayət işi isə “Qərbi Azərbaycan İcması” İctimai Birliyi və digər aidiyyəti qurumların müraciəti əsasında başladılıb. Necə düşünürsünüz, bu işin effektiv nəticələri nələr olacaq?

- Bəli, “Qərbi Azərbaycan İcması”nın da daxil olduğu bir çox qurumun müraciəti əsasında Baş Prokurorluq cinayət işi başladıb. Şübhəsiz ki, cinayət işinin başladılması hüquqi cəhətdən əlimizi daha da gücləndirəcək. Beynəlxalq hüquq müstəvisində azərbaycanlıların kütləvi deportasiyaya məruz qoyulmasında Ermənistan hakimiyyətinin aktiv iştirakı ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

1918-ci ildən bu yana bir neçə dəfə deportasiyaya məruz qalan milyonlarla azərbaycanlı öz dədə-baba yurdlarından qovulub. Son olaraq isə 300 minə yaxın azərbaycanlının qədim Azərbaycan torpaqlarından, indiki Ermənistan ərazisindən zorla qovulması, soyqırım hadisələrinin törədilməsi kimi faktları özündə ehtiva edən cinayət işinin başladılması, əlbəttə ki, gələcəkdə irəliyə doğru ciddi addımların atılmasına təkan verəcək.

- Bu məsələni beynəlxalq müstəviyə çıxarıb həqiqətləri dünya ictimaiyyətinə çatdıra biləcəyik?

- Məsələ beynəlxalq müstəviyə onsuz da çıxıb. Artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın Qayıdış Konsepsiyası rəsmi sənəd kimi yayılıb. Həmin konsepsiyada da biz sülh şəraitində təhlükəsizliyimizin təmin olunması və geri qayıtmağımızı tələb etmişik.

Bu baxımdan da Baş Prokurorluğun 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində belə bir rəsmi mövqeyini ifadə edərək cinayət işini başlatması da yaxın gələcəkdə hüquqi prosedurların həyata keçirilməsində, təzminat davaları açılması və Ermənistanın üzərinə götürdüyü və ya götürəcəyi öhdəliklərini yerinə yetirməsinə imkan yaradacaq.

- Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərə görə təzminat ödəməyə məcbur edilə bilər?

- Hazırda başladılan proses bunu ehtiva edir. Davamlı olaraq aparılan iş yekunda Ermənistanı buna məcbur edəcək.

- Ermənistan təzminat ödəmək əvəzində azərbaycanlıların Qərbi Azərbaycana sivil qaydada qayıdışına razılaşa bilərmi?

- Bu prosesdə hamımız bir olmalıyıq. Qərbi Azərbaycan İcmasının başlatmış olduğu bu tarixi geri qayıdış yolunda hər bir azərbaycanlının “Hamımız Qərbi azərbaycanlıyıq” yanaşması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə birlikdə fəaliyyət göstərsək, əminəm ki, biz Qərbi Azərbaycan torpaqlarına, Zəngəzura, Göyçəyə, İrəvana, Zəngibasara, Vedibasara və digər tarixi torpaqlarımıza geri qayıtmış olarıq.

Vilayət Muxtar
Cebhe.info