Rusiyanın şok planı: Kreml ikinci cəbhəni Kosovoda açır?

Rusiyanın şok planı: Kreml ikinci cəbhəni Kosovoda açır?

Türkiyə Kosovoda baş verən siyasi proseslərə cəlb oluna bilər.

Qeyd edək ki, Kosovonun serblərin məskunlaşdığı şimal ərazilərində mövcud vəziyyətin gərginləşməsini nəzərə alaraq NATO-nun bir çox üzv ölkələri, eləcə də Türkiyə də bu bölgəyə qoşun hissələri göndərməyə hazırlaşır.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Kosovanın şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə bölgəyə hərbçilərin göndərilməsi barədə qərar qəbul edilib.

Nazirlik, həmçinin vurğulayıb ki, Türkiyənin BMT, NATO və ATƏT missiyaları, ikitərəfli əlaqələr çərçivəsində regionda sülhə və sabitliyə töhfə verməyə davam edəcək.

Kosovoda son prosesləri şərh edən bəzi ekspertlər iddia edir ki, bölgədə hazırda baş verən hadisələr, yəni yerli sebrlər ilə bölgənin təhlükəsizlik qüvvələri arasında toqquşmalar məhz Rusiya tərəfindən manipulyasi edilir.

Onların iddialarına görə, Moskva dünyanın diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, tarix boyu hər bir güc mərkəzi xalqlararası münaqişədən öz maraqları üçün istifadə edib:

“İstənilən ərazidə millətlərarası qarşıdurmanın ilkin səbəbləri hər hansı hadisədən irəli gəlməsinə baxmayaraq, həmin qarşıdurmadan yararlanmağa çalışan dövlətlərin sayı hər zaman çox olub. Yəni, hər hansı bölgədə baş verən hadisələrdə Rusiya və ya ABŞ-ın təsirinin olduğunu birmənalı şəkildə sübut etmək qeyri-mümkündür.

Xatırladım ki, 2022-ci ilin yanvarında Qazaxıstanda bölücü xarakterli çevriliş cəhdlərinin baş verdiyinin şahidi olduq. Bu nümayişlərə adi bir məişət zəmində baş vermiş hadisə səbəb olmuşdu. Lakin Qazaxıstanda bu hadisələrdən nəinki Rusiya, hətta ABŞ və Avropa ölkələri də öz məqsədləri üçün faydalanmağa çalışdılar.

Bildirim ki, istər milli, istərsə dini, istərsə də digər zəminlərdə baş verən münaqişədən yararlanmaq istəyənlərin sayı həmişə çox olub. Təbii ki, Rusiya dünyanın diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün Kosovodakı proseslərdən istifadə edə bilər. Yaxud, elə bir hal ola bilər ki, ABŞ bölgədə məskunlaşan serblərin üsyanını bəhanə gətirərək bütün dünyanı Rusiyanın üzərinə qaldırmağa və bu ölkənin tam təcrid olunmasına çalışar.

Bölgədəki son hadisələrin mahiyyətini yaxşı anlayan Serbiya Prezidenti Prezident Aleksandar Vuçiç qarşıdurmanın qarşısının alınması üçün Türkiyənin dövlət rəhbəri Rəcəb Tayyib Ərdoğana müraciəti, o cümlədən NATO-ya üzv olan bir sıra ölkələrin bölgəyə qoşun göndərməsi zamanında atılan doğru və düzgün addımlardır.

ümid edirəm ki, BMT, Avropa İttifaqı, eləcə də Türkiyənin vasitəçiliyi ilə Kosovoda etnik serblər və yerli hakimiyyət arasında münaqişənin həlli istiqamətində konkret münasib addımlar atılacaq. Yalnız birgə müzakirələrdə sabitliyə yönələn qərarlar qəbul edilə bilər".

Yunis Abdullayev
Cebhe.info