“Siyasi partiyalar haqqında” yeni qanun: Onları hansı aqibət gözləyir? 

“Siyasi partiyalar haqqında” yeni qanun: Onları hansı aqibət gözləyir? 

Milli Məclisin sədri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq verib.

Artıq uzun zaman idi ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin müasir tələblərə cavab vermədiyi ilə bağlı müzakirələr gedirdi. Ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti dəfələrlə bununla bağlı bəyanatlar, təkliflər səsləndirib. Söhbət ondan gedir ki, “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilib və sonrada qanuna müəyyən əlvə və dəyişiklər edilsə də, mövcud qanun müasir tələblərə cavab vermirdi. Bu da siyasi partiyaların ölkənin ictimai-siyasi həyatında rolunu məhdudlaşdırırdı. Gözlənilən odur ki, hazırlanan yeni qanun partiyaların dinamik inkişafına təkan verəcək, ictimai rəydə nüfuzunu və təsir gücünü artıracaq.

Eyni zamanda, yeni qanun partiyaların siyasi təmsilçiyinə geniş imkanlar yaradacaq ki, bu da ən önəmli məsələlərdən biri hesab olunur.

Qeyd edək ki, Milli Məclis yeni qanunun hazırlanması ilə bağlı yaydığı məlumatda partiyalara da müraciət edildiyi vurğulanır. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.

Bəs siyasilər bu haqda nə düşünür? Yeni qanunun hazırlanması zəruri idimi? Yeni qanun ölkənin ictimai-siyasi həyatında hansı müsbət və ya mənfi dəyişikliklərə gətirib çıxaracaq?

“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı yeni qanun layihəsinin hazırlanması ilə bağlı Cebhe.info-ya danışarkən deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması gözlənilən idi:

“Uzun müddət idi ki, həm Milli Məclisin plenar və komitə iclaslarında, həm də ictimai rəydə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin kifayət olmadığı deyilərək, yeni qanunun işlənib, hazırlanmasının zəruriliyi ortaya qoyulurdu. Bu, kifayət qədər əsaslara malikdir. Çünki 1992-ci ildə qəbul edilmiş qanun, sonradan edilən dəyişikliklər və əlavələr müasir tələblər səviyyəsində deyildi, bu tələblərə cavab vermirdi. Bəlli olduğu kimi, ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatlar içərisində siyasi islahatlar xüsusi yer tutur. Yeni siyasi konfiqurasiyanın yaradılması üçün ölkə Prezidenti olduqca mühüm addımlar atdı. Prezident Aparatında bununla bağlı xüsusi şöbə yaradılıb, bu vəzifəyə hər birimizin xüsusi hörmət və rəğbət bəslədiyi Ədalət Vəliyev təyin edilib. Qısa zaman kəsiyində onun qarşısında qoyulan tələbləri uğurla yerinə yetirdi. Həqiqətən də cənab Prezidentin tapşırıqlarına uyğun olaraq istər parlamentdə, istərsə də Milli Məclisdən kənarda siyasi partiyaların koordinasiya edilməsi, ümummilli və dövlət maraqları ətrafında vahid mövqe nümayiş etdirilməsinə böyük əmək sərf olundu və onun konkret nəticələri də göz önündədir. Bütün bunlarla bərabər, siyasi partiyaların müasir tələblər səviyyəsində qurulması, siyasi konfiqurasiyanın daha da genişlənməsi, cəmiyyətin siyasi həyatında yer və rolunun artırılması üçün yeni, təkmil qanuna ciddi ehtiyac duyulurdu”.

F.Ağamalı əlavə edib ki, yeni qanun artıq günün tələbinə, sosial sifarişə çevrilib:

“Ona görə də bununla bağlı Milli Məclisdə təmsil olunan siyasi partiyalar olaraq yeni qanunun işlənib hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik. Bu müraciət məmnuniyyətlə qarşılandı və artıq müvafiq tapşırıqlar verilib. ümidvaram ki, qısa zaman kəsiyində həmin qanun layihəsi hazırlanacaq. Təkcə siyasi partiyalar arasında deyil, həm də cəmiyyətdə geniş müzakirə predmetinə çevriləcək və həqiqətən günün tələblərinə uyğun yeni qanun işlənib hazırlanacaq. Söhbət ondan gedir ki, mövcud qanunda yetərincə boşluqlar var. Azərbaycan 1992-ci ildəki səviyyədə deyil. Hətta Azərbaycanın indiki inkişaf səviyyəsi 5 il bundan əvvəldən də müsbət mənada fərqlənir. Bu baxımdan biz həm bu günün, həm də gələcəyin tələblərinə cavab verə biləcək qanun layihəsi hazırlamalıyıq. ümidvaram ki, bunun öhdəsindən həm parlament olaraq gələcəyik, həm də cəmiyyətdən gələn müsbət fikirləri, təklifləri, rəyləri almaqla yüksək səviyyəsi qanun layihəsi qəbul edəcəyik. Beləliklə də bu, ölkə Prezidentinin aparmış olduğu siyasi islahatların tərkib hissəsi kimi önə çıxacaq və partiyaların Azərbaycanın siyasi həyatında yer və rolunun artmasına geniş imkanlar yaranacaq”.

AG Partiyanın sədri Tural Abbaslı da düşünür ki, “Siyasi partiyalar haqqında” Qanun çoxdan dəyişməli idi:

“Çünki siyasi reallıqlar çoxdan dəyişib. Artıq 90-cı ilin əvvələrində qəbul olunmuş qanunlar və sonrakı mərhələdə onlara edilmiş xırda dəyişikliklər müasir tendensiyalara cavab vermir. Son illər hakimiyyətin elan etdiyi kursu nəzərə alsaq, çoxpartiyalı sistemin inkişafına ehtiyac var. Bu inkişaf isə “Siyasi partiyalar haqqında” indiki qanunla mümkün deyil. Çünki partiyalar çox təsirsiz, qanunla heç bir imtiyaza sahib olmayan, seçkilərdə, dövlətin siyasi həyatında heç bir təsir mexanizmi olmayan struktur halına gətirilib. Perspektivsiz olduğu üçün partiyalara insanların da axını yoxdur. Əslində bu qanunda çox şeylər dəyişməlidir. Partiyaların qeydiyyatından başlayaraq maliyyələşməsinə qədər çox nüanslar var ki, onlara dəyişikliklər olmalıdır. Təbii ki, partiyalar haqqında olan indiki qanunu dəyişib mojoritar seçki sistemində qalacağıqsa, bu qanunu dəyişməyə heç ehtiyac yoxdur. Çünki partiyalar əsasən proporsional sistemlə strukturlaşır. Təəssüflə qeyd etməliyəm ki, layihənin hələ nə olduğu bəlli deyil. Hələlik ictimai müzakirələr aparılmayıb. Biz çox istərdik ki, ictimai müzakirələr aparılsın, layihə ortaya qoyulsun. Doğrudur, bəzi fikirlərimizi media vasitəsilə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə görüşlərdə demişik. Amma yenə də ictimai müzakirəyə ehtiyac olduğunu düşünürəm”.

T.Abbaslı əlavə edib ki, qanunda çox şey dəyişməlidir:

“Məsələn, bu gün adi vətəndaşa seçkidə namizəd olmaq daha asandır, nəinki partiyalara. Bu gün küçədən keçən bir adam da Prezident seçkilərində iştirak etmək üçün partiyalarla eyni proseduru keçməlidir. Hətta partiyalara daha çox sənəd lazım olur. O zaman adama deyərlər ki, partiya niyə lazımdır? Partiyalara xaricdən qrant almaq qadağandır, bunu bilirik və doğru da qərardır. Amma dövlət büdcəsi ilə partiyaların maliyyələşməsi də simvolik xarakter daşıyır və ancaq parlamentdə təmsil olunan partiyalara maliyyə verilir. Məsələn, parlament partiyasına bir deputata görə ortalama 8 min manat ödənilir. Bu isə nəinki ciddi siyasi fəaliyyət, heç bir ofisin saxlanılması üçün də yetərli deyil. Bunu ciddi siyasi fəaliyyətlə məşğul olan hər kəs bilir. Əgər partiyaların inkişafını, siyasi həyatda söz sahibi olmasını istəyirlərsə, bu nüanslar yeni qanunda nəzərə alınmalıdır. Razıyam, partiyaların qeydiyyat şərtləri sərtləşdirilə bilər, məsələn, regionlarda təmsilçik, üzvlərin sayı, təsir gücü, seçkilərdə iştirakı kimi öhdəliklər qoyula bilər. Amma bu öhdəlikləri yerinə yetirən partiyalar da hökumət yox, dövlətin himayəsində olmalıdır. Partiyalara dövlət strukturu kimi yanaşılmalıdır. Təəssüf ki, bizdə həm hüquqi, həm siyasi, həm də yanaşma baxımından partiyalara münasibət heç də müsbət deyil. Güman edək ki, bu qanun layihəsi ilk addım olar, partiyalar arasında sağlam rəqabət mühiti yaradılar. 58 partiyadan da 5-10 partiya qalar və onlar da dərnək yox, sözün həqiqi mənasında partiya olar”.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri Milli Məclisə müraciət edib. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova isə müraciətə müsbət cavab verərək yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib. Artıq yeni qanun layihəsinin hazırlanması ilə bağlı işlər başlanılıb.

Vilayət Muxtar
Cebhe.info