Şuşa Bəyannaməsi: Məğlubedilməz böyük gücün nümayişi

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”imzalanıb. İki ölkə arasında qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamların öz əksini tapdığı Bəyannamədə qeyd edilir ki, tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkə başçılarının mətbuata birgə bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir:
“Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır”.
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin əhəmiyyəti millət vəkilləri, ziyalılarımız, ictimaiyyət nümayəndələri tərəfindən də çox yüksək qiymətləndirilir.
Millət vəkili Azər Badamov “Cebhe.info”-ya bildirib ki, Azərbaycan və Türlkiyə qardaş ölkələrdir və bu, uzun tarixə əsaslanır:
“Münasibətlərimiz həmişə çox yüksək səviyyədə olub. Amma Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı qardaşlığı rəsmiləşdirdik. Təbii ki, Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi dünyaya bir olduğumuzun mesajı idi. Münasibətlərimizin rəsmi olaraq müttəfiqlik səviyyəsinə gəlməsi hərtərəfli əməkdaşlıq imkanlarımızı genişləndirir.
Münasibətlərimizin Şuşa Bəyannaməsinə əsaslanması siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələr üzrə hərtərəfli əməkdaşlığımızın genişləndirilməsinə daha da böyük imkanlar yaradır. Torpaqlarımızın işğalına son qoyulmasından 4 il keçir. Bu müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında olub”.
Deputat xatırladıb ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Türkiyə şirkətləri bizimlə çiyin-çiyinə gecə-gündüz çalışır:
“Türkiyə şirkətlərinin bu sahədəki böyük təcrübəsi tikinti işlərinin daha müasir və keyfiyyətlə icra olunmasına imkan verir. O cümlədən, qarşılıqlı investisiyaların genişləndirilməsində Şuşa Bəyannaməsi xüsusi rol oynayır.
Türkiyənin investisiyası ilə Azərbaycanda yeni istehsal sahələri yaradılır. Bu istehsal sahələri həm yeni çeşidli malların istehsal olunmasına, həm də yeni iş yerlərin formalaşmasına imkan yaradır. Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” olduğu kimi, öz həmrəyliyini müttəfiqlik səviyyəsinə çatdıraraq məğlubedilməz böyük gücə çevrilib.
Türkiyə hər zaman Azərbaycanın təşəbbüsünü dəstəkləyir. O cümlədən, Azərbaycan da Türkiyənin yanındadır. Belə ki, zəlzələdən əziyyət çəkən Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə yeni şəhərcik salınır. Biz qardaş ölkələr olaraq çətin gündə də, yaxşı gündə də bir yerdəyik. Bu da bizə qarşı düşmənçilk niyyətləri olanlara vahid yumruğumuzu nümayiş etdirməyə imkan verir”.
Nigar Abdullayeva
“Cebhe.info”