Vasif Talıbovsuz Naxçıvan: "Köhnələr yenilərə işləməyə imkan vermir, "müharibə" aparır"... - MÜSAHİBƏ

Vasif Talıbovsuz Naxçıvan: "Köhnələr yenilərə işləməyə imkan vermir, "müharibə" aparır"... - MÜSAHİBƏ

Ötən ay mətbuatda Naxçıvan Muxtar Respublikasında iki yerli qurumun ləğvi və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması ilə bağlı məlumatlar yayıldı.

Eyni zamanda, muxtar respublikada bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı xəbərlər də eyni vaxta təsadüf etdi.

Qeyd edək ki, bundan sonra dekabrın 8-i uzun illər Naxçıvan Muxtar Respubikasına rəhbərlik edən Vasif Talıbov istefa verdi. O, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunub və ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Naxçıvanda illərdir davam edən gestapo rejimi haqqında bəzi məlumatlar vardı. Sakinlər Vasif Talıbovun Naxçıvanı informasiya blokadasında saxladığını, qiymətlərin baha olduğunu, muxtar respublikanı öz qayda-qanunları ilə idarə etdiyini bildiriblər.

Dəyişiklikdən sonra isə vəziyyət dəyişib. Mətbuat üçün həmişə qapalı olan Naxçıvandan indi müəyyən xəbərlə almaq mümkündür. Yazılan və deyilənlərdən belə nəticəyə gəlmək olur ki, artıq Naxçıvanda azad bir həyat başlayır.

"Keçmişdən narazı olanları Ali Məclisin qarşısına göndərirlər ki..."

Struktur dəyişikliyindən sonra Naxçıvanda hansı dəyişikliklər var, insanların münasibəti və digər məsələləri Naxçıvanın problemlərindən ən çox yazan araşdırmaçı jurnalist Heydər Oğuzla danışdıq.

Cebhe.info tanınmış jurnalist Heydər Oğuzla müsahibəni təqdim edir:

- Naxçıvanda sonuncu dəfə nə zaman olmusunuz?

- Vəziyyətlə yaxından tanış olmaq məqsədilə yanvarın 6-dan 8-dək Naxçıvanda oldum. Orada bir çox iş adamları, narazı insanlar və şikayətçilərlə görüşdüm.

- O zaman hazırkı vəziyyət haqda kifayət qədər məlumatınız var. Bu gün muxtar respublikada vəziyyət necədir?

- Naxçıvanda köhnə komanda ilə yeni komanda arasında sözün əsl mənasında "müharibə" gedir. Belə ki, köhnə komanda yeni komanda ilə həm əməkdaşlıq edir, həm də ayağının altını qazır. Xatırladım ki, srağagün Naxçıvan Ali Məclisindən iki nəfər uzaqlaşdırılıb, onlardan biri qəbul komissiyasının müdiri, digəri isə Ali Məclis sədrinin humanitar siyasət məsələləri üzrə köməkçisi idi.

Onların hər ikisi şikayətçilərin prezidentin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndəsi ilə görüşünü təyin edir. Həmin şəxslərin məclisdən uzaqlaşdırılması onu göstərir ki, yeni komanda köhnə komandanın fəaliyyətindən narazıdır.

- Naxçıvanda olarkən hansı hadisələrlə rastlaşdınız?

- Mən Naxçıvanda olanda belə bir hadisə ilə qarşılaşdım. Qeyd edim ki, hazırda Vasif Talıbovun səlahiyyətlərini Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov icra edir. Məhz yeni komandanın üzvüləri onunla birgə Şərura getmişdilər, oradakı insanlarla görüşmək istəyirdilər. Köhnə komandanın isə orada məddahları var, bəziləri iş adamlarıdır, bəziləri isə “zəhmətkeşlər”dir. Bu görüş Şərurdakı əsl, sadə insanların qəzəbinə səbəb olmuşdu, onlar Azər Zeynalova istefa şüarları ilə qarşılamışdılar. Hətta Şərur şəhər sakini içəri daxil olaraq həmin şəxsi təhqir etmişdi, hazırda bu dərəcədə dəhşətli vəziyyət mövcuddur.

Köhnə komanda yeni komandanı işləməyə imkan vermir. Keçmiş sədrdən narazı və problemləri olan insanları Ali Məclisin qarşısına göndərirlər, əlbəttə ki, onların etiraz etmələri yaxşı haldır. Amma bunu kütləvi şəklə çevirib, hər gün insanları ora göndərmək yeni komandanı yormaq, yeni komanda üçün problemlər yaratmaq deməkdir.

- Naxçıvanın hazırkı ən böyük problemi nədir?

- Orada xeyli sayda həllini gözləyən problemlər var. Məhz problemlərin açarı isə əsasən vəzifəli şəxslərdə olduğundan insanların qarşılaşdığı çətinlikləri həll etmirlər, bütün narazılıqları yeni komandanın üzərinə yönəldirlər. Yeni komanda da cəmi 3 adamdan ibarətdir, böyük bir komandadan söhbət getmir.

- Naxçıvanda hansı dəyişiliklər var?

- Köklü dəyişim yoxdur. Prezidentin xüsusi nümayəndəsi, DTX-nın yeni idarə rəisi və Gömrük Komitəsinin yeni idarə rəisi var. Başqa dəyişiklik yoxdur.

Hesab edirəm ki, Naxçıvanın statusu referenduma çıxarılacaq, köhnə komandanın hamısı buraxılacaq, Naxçıvanın statusu ləğv olunacaq. Hələlik orada köhnə komanda ilə yeni komanda arasında "müharibə" gedir.

- Naxçıvanın status məsələsinə toxundunuz. Bunu nə zaman dəyişə biləcəyini düşünürsünüz?

- Mənim hesablarıma görə, yaz aylarında referendum keçirilməlidir. Referendumun olması tək Azərbaycandan asılı deyil, bir az geosiyasi məsələdir. Bu məsələdə həm də xarici dövlətlərin razılığını almaq lazımdır. Elə bilirəm ki, Rusiyanın buna bir etirazı ola bilər və Azərbaycan hakimiyyəti buna görə yubana bilər.

- Naxçıvanlılar, sadə vətəndaşlar vəziyyəti necə qiymətləndirir?

- Sadə vətəndaşlar çox ümidlidirlər. Orada problemlərlə yanaşı, ciddi dəyişiklər də var. Bu dəyişiklik özünü ilk növbədə qiymətlərdə göstərir. Ötən il bu vaxt Naxçıvanda pomidorun bir kilosunun qiyməti 20 manat idisə, indi Naxçıvanda həmin pomidorun qiyməti 1-2 manat arasında dəyişir. Əvvələr Vasif Talıbov və onun əlaltıları başqa yerdən pomidor və digər meyvə-tərəvəzin gətrilməsinə icazə vermirdilər. Çünki onların özlərinin istixanaları vardı. Bu da qiymətlərin süni şəkildə qalxmasına şərait yaradırdı. Bütün kənd təsərrüfatı məhsulları Bakı ilə müqayisədə 5-10 dəfə baha idi.

Eyni zamanda, insanların özlərinə də əkib-becərməyə imkan vermirdilər. Belə ki, kənd sakinlərinə su problemi yaratmışdılar, Naxçıvanın suyu onsuz da azdı, Vasif Talıbov da olan suyu öz tarlalarına yönəldirdi. Nəinki əkib-becərmək kəndlərdə içməyə su tapmırdılar. Naxçıvanda içməli suyu belə mağazalardan alırdılar. Vasif Talıbov da bütün malların üzərinə istədiyi qiyməti qoyurdu.

- Bu, qeyri-ərzaq məhsullarına da şamil edilirdi?

- Əlbəttə. Dərman vasitələrinin qiymətlərində də bu özünü göstərir. Bu problem indi də qalır, çünki monopoliya aradan qalxmayıb. Naxçıvanda islahatlar tam başa çatmayıb. Hazırda "Naxçıvan xanı" bir ay öncə istefa verib. Bir aya nə dəyişiklik ola bilər ki? Azərbaycan hökuməti həm də "xan"ın komandasını narazı salmaq istəmir. Onlar üsyan qaldıra bilər, sabotaj yarada bilərlər. Onsuz da edirlər. Onlar mübarizəyə başlasalar bu vəziyyət daha da kəskinləşər deyə, Azərbaycan hökuməti hələlik yumşaq siyasətlə məsələni həll eləməyə çalışır. O, "Naxçıvan divi" idi və canı da informasiya blokadasında idi

- İndi Naxçıvandan mətbuata məlumatlar daxil olur. Yəni necə Azərbaycanın digər bölgələrində baş verən hadisələr, eynilə də Naxçıvan. Amma əvvəllər Vasif Talıbov oranı informasiya blokadasına almışdı...

- Nağıllarda divin canı şüşədə olur. Div o zaman ölür ki, həmin şüşəni ələ keçirirsən, qırırsan, içindəki quş uçur və div ölür. "Naxçıvan xanı" da "Naxçıvan divi" idi və onun canı da informasiya blokadasında idi. Biz Vasif Talıbovun canını o zaman aldıq ki, informasiya blokadasını yardıq. Oradan heç bir informasiya sızmırdı, insanlardan əldə elədiyimiz məlumatları başqa imzalarla yazmağa məcbur olduq. Mən “Qara pişik” imzası ilə yazırdım. İnsanların adını vermək onları təhlükəyə atmaq demək idi. Bunu tək mən yox, digərləri də edib. Onu biz eləməsəydik "xan"ın canını almaq mümkün olmayacaqdı. Oradakı məlumatları dərc edib, ictimailəşdirməklə canını aldıq. O can verməyə başladı.

- İndi yazıldığı kimi, artıq informasiya almaq mümkündürmü?

- Naxçıvada “NTV” kanalı (Naxçıvan Televiziyası) fəaliyyət göstərir. Artıq bu kanal belə, Naxçıvandakı problemlərlə bağlı çox tənqidi materiallar verməyə başlayıb, bir çox qeyri-rəsmi televiziya kanallarından daha kəskin şəkildə mövqe sərgiləyir, problemlərin üzərinə gedir. Naxçıvanda hər şey tamamilə dəyişir. Xüsusilə, informasiya siyasəti dəyişilib. Bəzi məsələlər Naxçıvanda, elə Azərbaycanda da ictimailəşdirilərək həllini tapıb.

Günay Şahmar
Cebhe.info