10 minlik Həcc ziyarəti: “Özlərinə “hacı” və “hacıxanım” dedizdirəcəklərsə...”

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri müəyyən edib.
Məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (10 min manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunur və hava nəqliyyatı ilə həyata keçirilir. Ziyarətin qiymətinin yüksək olması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə insanlar arasında bununla bağlı geniş müzakirələr başlayıb.
Məsələ ilə bağlı “Cebhe.info”-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, özü getdiyinə görə başqalarının getməyinə qarşı çıxa bilməz:
“Həccə getməyin qiyməti məlum olub. Ən ucuz qiymət 5850 ABŞ dolları, yəni 10 min manat təşkil edir. Ora Həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurban qoçunun qiyməti daxil deyil. Bodrum, Maldiv, Antalya, Havay adaları və digər yerlərə getməyimiz ictimai qınağa tuş gəlmirsə, o zaman Həcc ziyarətinə də nəsə deyə bilmərik.
Qəbul etsək də, etməsək də, bu məsələyə qarışa bilmərik. Özləri bilər. Kim gedib şeytanı daşlayacaqsa, bunu da bir şey demirəm, özü bilər. Hələ də şeytana daş atıb öldürə bilməyiblər. Hər il şeytana 3 milyon daş atırlar. Ancaq Həcc ziyarətindən qayıdandan sonra özlərinə “hacı” və hacıxanım” dedizdirəcəklərsə və o məşhur titilu əldə etmək istəyirlərsə mütləq getsinlər ”.
İlahiyyatçı qeyd edib ki, özü Həcc ziyarətində bir neçə dəfə olub:
“Lakin mənim ziyarətim araşdırmalarla bağlı olub, hər hansısa titul, ad üçün olmayıb”.
Həsən Məmmədov
“Cebhe.info”