Abituriyentlər informatika imtahanından niyə narazıdır? - FOTOLAR

Abituriyentlər informatika imtahanından niyə narazıdır? - FOTOLAR

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.

İmtahan 14 şəhər və rayonda təşkil olunub.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftədən sonra elan olunması nəzərdə tutulur. 

Qeyd edək ki, informatika fənni üzrə keçirilən imtahanla bağlı bir qrup abituriyent öz etirazlarını bildirirlər. Onlar problem olaraq çətin bir fənnlə bağlı təyin edilən vaxt azlığından şikayətlənirlər. Baş verən proseslə bağlı mütəxəssislər də eyni fikirdədir.

Məsələ ilə bağlı informatika üzrə ekspert Tural Sofiyev “Cebhe.info”-ya bildirib ki, iki ildir informatika fənni abituriyentlər üçün imtahana salınır:

“Dünən keçirilən imtahanda sadəcə informatika üçün 1 saat vaxt ayrılıb. Ancaq həmin 1 saat müddətində istər məktəb müəllimi, istər müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlaşan müəllimlər 30 suala vaxt çatdırıb yaza bilməzlər. Bildirim ki, proqramdan kənar suallar salınmamışdır.

Ancaq 1 saat ərzində abituriyentin 2 il baza ilə bu vaxtı çatdırması qeyri-mümkün idi. Mən 7-ci ildir ki, informatika fənni üzrə müəllim-ekspert kimi fəaliyyət göstərirəm. Burada məsələ şagirdin az və ya çox bal yığması deyil. Bu gün abituriyentlər imtahan nəticəsindən asılı olaraq intihar hallarına qədər gətirib çıxrlar.

Hazırkı informatika imtahanında hansı statistikaya əsaslanıb sualllar verilib. İkincisi, yeni bir fənn üçün bu nə qədər vaxt aparıb. Riyaziyyat, fizika illərdir ki, oturuşmuş fənnlərdir. Yəni şagirdlər orta məktəbdə kifayət qədər biliyə malikdir.

Ancaq informatika fənni indiyədək heç imtahanda olmadığı üçün konkret olaraq şagirdlər buna hazırlaşmayıblar və dırnaqarası fənn kimi baxıblar.

İki ildir ki, hazırlaşmaq istəyir, ancaq bunun üçün ortada nə tam yararlı resurs var,  nə orta məktəb kifayət edir, nədə ki, bu sahədə yetərli müəllim bazası var. Ona görə də imtahana salınan sualları nəinki şagird, müəllim belə, 1 saata çatdıra bilməyəcəkdi.

Ya suallar 1 saat müddətində statistikaya əsasən hesablansın, ya da ümumi vaxt uzadılsın. Suallar asan da, çətin də ola bilər.

Söhbət ondan gedir ki, suallar 1 saatlıq müddətə hesablanmalıdır. Çünki şagirdlərin məktəb statistikası yoxdur ki, Dövlət İmtahan Mərkəzi buna əsaslansın. Sual proqramdankənar deyildi. Sinif dərsliklərini tam əhatə edirdi.

Ancaq məsələ ondadır ki, illərdir çalışan ekspertlərin özü belə, konkret olaraq 1 saat müddətində  bu sualları cavablandırmaqda çətinlik çəkərlər. Cəmi 2 il ərzində baza toplayan şagird üçün bu çox çətindir”. 

Nigar Abdullayeva
“Cebhe.info”