Abşerondan daha bir şikayət: Sarayda antisanitariya hökm sürür - FOTOLAR

Abşerondan daha bir şikayət: Sarayda antisanitariya hökm sürür - FOTOLAR

Abşeron rayonu, Saray qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri “Saray gölu” ətrafındakı antisanitar vəziyyətdən şikayətlənirlər.

“Cebhe.info”-ya şikayət edən sakinlər bildiriblər ki, antisanitar şərait üzündən küçədən keçmək mümkün deyil:

“Gölün ətrafına mütəmadi olaraq məişət və digər tullantılar atılır. Belə ki, axşam saatlarında "KamAZ" markalı yük maşınlarının sürücüləri məişət tullantılarını gölün ətrafına başaldırlar. Bunun qarşısını almaq üçün sakinlər gölə aparan bütün yollarda xəndəklər qazıblar ki, məişət və digər tullantılarla dolu yük avtomobilləri əraziyə daxil olmasınlar. Buna baxmayaraq yenə də gölün ətrafı çirkləndirilir”.

Məhz Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan sakinlərin haqlı şikayəti ilə bağlı Saray bələdiyyəsinə müraciət etdik.

Bələdiyyə sədri Şahlar Məhərrəmov “Cebhe.info”-ya bildirdi ki, gölün ətrafı yaxınlıqda yaşayan sakinlər tərəfindən zibillənir:

“Bələdiyyə olaraq hər həftə məişət tullantılarını səyyar formada toplayırıq. Daha sonra zibilləri avtomobillərə yığılaraq daşınır. Lakin sakinlər təkrar gölün ətrafını məişət tullantıları ilə çirkləndirirlər. Növbəti dəfə ərazidə təmizlik işləri görməyi planlaşdırırıq. Ancaq sakinlər gərək özləri də bu işdə təmizliyə riayət etsinlər”.

Həsən Məmmədov
“Cebhe.info”