Alimdən sərt açıqlama: “Kənd təsərrüfatını yenidən qurmalıyıq”

Alimdən sərt açıqlama: “Kənd təsərrüfatını yenidən qurmalıyıq”

2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq.

2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnoz edilir.

Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında bildirilib.

Hesabatda, Azərbaycanda su təminatı və kanalizasiya sisteminin köhnəlmiş, səmərəsiz vəziyyətdə olduğu qeyd olunub.

Həmçinin, ölkədə su paylayıcı sistemlərin köhnə olması ilə əlaqədar, təxminən 50 faizədək su son təyinat nöqtəsində itir.

Bundan başqa, çirkab suların təmizlənməsində dairəvi təsərrüfat fəaliyyəti üçün böyük potensialın olduğu vurğulanıb.

Qeyd olunub ki, səmərəliliyi artırmaq üçün təmizlənmiş tullantı sularından kənd təsərrüfatı, enerji istehsalı, müxtəlif sənaye fəaliyyətlərində istifadə etmək olar.

Məsələ ilə bağlı ekoloq-alim Ənvər Əliyev Cebhe.info-ya bildirib ki, kanalizasiya sistemlərinin hər biri istifadəyə yararsız vəziyyətdədir:

“Problemin bu həddə çatmasının ən böyük səbəblərindən biri də daxili miqrasiyadır. Belə ki, Bakı şəhərinin su təminatı və kanalizasiya infrastruktur maksimum 1 milyon 500 min nəfər üçün nəzərdə tutulub. Amma bu gün şəhərdə 4 milyon 500 min insan yaşayır.

Bir zamanlar sənaye-aqrar ölkəsi olan Azərbaycanda indi aqrar sahəsi yoxdur. Ölkənin paytaxtı bu gün dolub, çünki rayonlarda iş yoxdur deyə, hər kəs şəhərə axın edir.

Torpaq islahatı keçirildi. İslahat bu deməkdir ki, pis olanı daha yaxşı edirsən. Amma bizdə elə oldu ki, pis olanı daha da pis günə qoyublar. Əlimizdə olan torpaqları yaxşıdan pisə transfer ediblər. Kənd təsərrüfatının belə faciəli inkişafı bizi çox ağır vəziyyətə qoyub. Biz bu işlərin həlli yolunu göstərmişik. Təəssüf ki, reaksiya verən yoxdur .

Televizyalarda şoumenlik edirlər. Deyirlər ki, siz düz deyirsiniz, amma bunu etmək mümkün olmayacaq. Niyə Çində, Gürcüstanda, Mərkəzi Asiyada mümkün ola bilir, amma Azərbaycanda yox? Biz özümüz səhvlər etmişik, səvhlərimizi düzəltməliyik. Əsaslı şəkildə kənd təsərrüfatını yenidən qurmalıyıq. İndi mövcud vəziyyəti nəzarət altına almaq olduqca çətindir. Təsərrüfat sistemi dəyişməlidir, başqa yol yoxdur”.

Ləman İsmayıl
Cebhe.info