Azərbaycanda susuzluq böhranı başlayır? - AMEA-dan cavab

Azərbaycanda susuzluq böhranı başlayır? - AMEA-dan cavab

Azərbaycanda qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işlərini yekunlaşdırıb.

Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub. Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı çoxillik normadan az, lakin ötən illə müqayisədə çox olub.

A.Verdiyevin sözlərinə görə, aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz-yay dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun ötən illə müqayisədə bir qədər çox olmaqla, çoxillik normaya yaxın olacağı gözlənilir. 

Qeyd edək ki, son illər ölkədə baş verən quraqlıq kənd təsərrüfatında bir sıra problemlərə yol açıb. Hətta bəzi fermerlər su çatışmazlığı belə davam edərsə, növbəti illərdə əkinçilikdən imtina edəcəklərini bildirib. Bu il qar ehtiyatının çoxillik normadan az olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə yenidən quraqlıq müşahidə ediləcəkmi?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov “Cebhe.info”-ya bildirib ki, bunların hamısı nisbidir. Yəni çoxillik norma dedikdə istər yağıntı, istər temperatur, istərsə digər parametrlər, o cümlədən əsasən hövzədə axını formalaşdıran qar-su ehtiyatı nəzərə alınır:

“Çoxsulu illərdə hövzədə qar ehtiyatı çox olur və nisbətən buzlaq suları  çaylarda illik axının formalaşmasında öz təsirini göstərir. Yəni yaz dövrü axınlarında, xüsusən də qar- su ehtiyatının formalaşdığı gursulu dövründə axım həcmi və illik axın artır. Əlbəttə, bu yaxşı haldır.

Ancaq bəzi illərdə hövzədə qar-su ehtiyatı, yəni düşən qarın miqdarı azalır, həmin illərdə sözsüz ki, illik axın azalır. Gursu dövrünün həm davamiyyəti, həm də axım həcmi azalır. Verilən məlumata görə, bu il nisbətən çay hövzələrində qar ehtiyatı daha çox olub, ancaq bu, hələ norma demək deyil. Yəni bu çoxillik normadan azdır, ancaq ötən ilə baxanda çoxdur”. 

O bildirib ki, ötən ilə baxanda bu il yağıntının miqdarı artıb: 

“Bunların hamısı çay hövzəsində illik yığımın formalaşmasına, yeraltı axınların səviyyəsinin artmasına, torpaqda rütubətin artmasına səbəb olur. Bunlar da keçən ilə nisbətən quraqlığın nisbətən zəif olacağını göstərir. Ancaq bununla yanaşı, ümumi bir tendensiya var ki, müasir regional iqlim dəyişmələri, yəni həm illik yağıntının miqdarınını azalmasına maneə yaradan qar ehtiyatınını azalması, həm buxarlanmanın artması istənilən halda quraqlıq tendensiyası və dinamikasını artırır.

Bu, bəzi illərdə az, bəzi illərdə çox ola bilər. Bu il təbii ki, ötən ilə nisbətdə quraqlığın səviyyəsinin böhran həddə olacağı gözlənilmir”. 

Nigar Abdullayeva 
“Cebhe.info”