Bakıda əlavə taksilərə ehtiyac yaranıb

Bakıda əlavə taksilərə ehtiyac yaranıb

Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.

Bəs bu say Bakının artan əhali sayına adekvatdır?

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov "Cebhe.info"-ya açıqlamasında deyib ki, göstərilən rəqəm tələbatı qarşılamır:

"Taksi fəaliyyətində tənzimləmələrin aparılması narahatlıq və narazılıq yaratdı. Çünki Bakı şəhəri üçün təqribən 75 minə yaxın taksi lazımdır. Amma bu rəqəmin yarıbayarı enməsi isə o deməkdir ki, tələbatı qarşılaya bilməyəcək. Xüsusilə COP-29 üçün gələcək insanların qarşılanması üçün əlavə taksilərin xəttə buraxılması vacibdir. Güman ki, həmin zamanda əlavə taksilər xəttə buraxılacaq. Amma Bakı əhalisi üçün də göstərilən taksi sayı yetərli deyil. Taksilər əvvəlki ilə müqayisədə daha baha qiymətə və daha uzun müddətə sifarişi qəbul edir. Bu səbəbdən də taksilərin sayı artırılmalıdır. Həmçinin, ölkəmizə gələn turistlərin də çoxluğunu nəzərə alsaq, taksilərin sayını artırmağa ehtiyac var".

Naibə
"Cebhe.info"