Həyət evi tikdirmək üçün bu qədər pul lazımdır - VİDEO

Həyət evi tikdirmək üçün bu qədər pul lazımdır - VİDEO

Son dövrlər həyət evi tikmək istəyənlərin sayında artım müşahidə olunur. Ancaq bu düşünüləndən daha çətin, vaxt və zəhmət, həmçinin, kifayət qədər pul tələb edən bir prosesdir. 

"Cebhe.info" xəbər verir ki, bununla bağlı tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan Xəzər TV-ə açıqlama verib. Qeyd edib ki, fərdi yaşayış mənzilinin tikilməsi üçün tələb olunan vəsait evin həcminə və istifadə ediləcək tikinti materiallarının keyfiyyətinə görə dəyişir:

“150 kvadrat metrlik həcmi olan mənzil üçün ən ucuz materiallardan istifadə etsək, bir kvadrat 220 manatdan hesablanır ki, bu da yekunda 33 min manat məbləğdə vəsait tələb edir.  Amma qayda və standartlara uyğun, yəni, keyfiyyətli material və layihələndirilmə işləri bu 52-55 min manat arasında bir vəsait lazım olur”.

İstisna hallarda bu məbləğ arta bilər. Əgər daha keyfiyyətli və lüks bir mənzil ərsəyə gətirmək istəyiriksə, daha çox pul xərcləmək lazım gəlir.

Ekspert qeyd edib ki, bəzən ev tikmək istəyənlər bu işləri tanımadıqları ustalara həvalə edir. Nəticədə isə ya tikinti yarımçıq qalır, ya da qat-qat artıq məbləğ xərclənir:

“İnsanlar öz bildiklərinə əsaslanırlar, və ya dədə-baba qaydası ilə kağızüstə cızmaqara edib, ustaya müraciət edirlər. Ucuz ev almaq, ya da tikdirmək istəyən insanlar daha sonra evin təmir-bərpa işlərinə yenə eyni məbləğdə pul xərcləməli olurlar. Sözügedən qiymətlər bölgələr üçün də keçərlidir. Ancaq rayonlarda tikinti materialları baha olsa da, usta qiymətləri bir qədər aşağıdır”. 

"Cebhe.info"