İstiyə görə iş dayanarsa: Maaş necə ödənilir?

Azərbaycanda son günlər isti hava hökm sürür.
Amma buna baxmayaraq, açıq havada çalışanlar, xüsusən də tikinti sektorunda işləyənlərin çoxu günorta saatlarında işlərini dayandırmır, adi qaydada işlərinə davam edirlər.
Məsələ ilə bağlı Əmək Müfəttişliyindən "Cebhe.info"-nun sorĝusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır:
"Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin, işəgötürən ilin isti vaxtlarında açıq havada və isti sexlərdə çalışan işçilərin istirahəti üçün otaqlar hazırlamalıdır.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir".
Bildiririb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2025-ci il tarixinədək dayandırıldığından isti hava şəraiti ilə bağlı işlərin dayandırılması məsələsi ilə bağlı yerlərdə araşdırılmanın aparılması mümkün deyildir.
Ləman İsmayıl
"Cebhe.info"