Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

Kəndə gedənlərə təyinat və yüksək maaş veriləcək?

"Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur".

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında deyilir. Qeyd olunub ki, ölkədə ixtisaslı həkimlərin bölgələr üzrə qeyri-bərabər paylanması problemi var:

“Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3.2 təşkil edir. Belə ki, bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən Avropa Birliyi ölkələrində 3.9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3.6 təşkil edir”.

Bu göstəricilər göstərir ki, Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Problem həkimlərin bölgələr üzrə bərabər paylanmamasındadır. Bu gün bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə xəstəxana, tibb məntəqələri yoxdur və səhhəti ilə bağlı problemlə üzləşən vətəndaşlar rayon mərkəzindəki xəstəxanaya, yaxud paytaxta üz tutmalı olurlar.

Həkimlər çalışmaq üçün bölgələrə niyə getmir, problemi təyinatın bərpası ilə həll etmək olarmı?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Azərbaycan Tibb Universitetini bitirən məzunları Bakıda və Sumqayıtdakı xəstəxanalarda yerləşdirmək mümkün deyil:

“Çünki həm bizim öz həkimlərimiz, həm də xarici ölkələrdən dəvət edilən həkimlər var və belə bir şəraitdə onların hamısının Bakıda fəaliyyətini təmin etmək mümkün deyil. Digər tərəfdən isə regionlarda həkim çatışmazlığı problemi var. Ancaq ölkə başçısı tərəfindən “Regionların sosial-iqtisadi inkişafı” ilə bağlı Dövlət Proqramı təsdiqlənib. Regionları inkişaf etdirdikdə biz əsas diqqəti yönəldirik ki, yollar çəkilsin, parklar salınsın, digər infrastruktur qurulsun.

Ancaq regionlarda da təhsili, səhiyyəni inkişaf etdirmək lazımdır. Mən də bölgələrdə oluram. Məsələn, şimal bölgəsində elə 1000-2000 nəfərlik kənd var ki, adi aptek yoxdur. Kiminsə adi qızdırması qalxsa, aptekdən bir dərman almaq üçün 30-40 km qət edib rayon mərkəzinə getməlidir. Hətta tibb məntəqəsi də yoxdur. Ona görə də bizdə ifrat dərəcədə urbanizasiya var, şəhərlərə axın yaranır, bu, ayrı-ayrı kəndlərin sıradan çıxmasına gətirib çıxarır.

Kəndi saxlayan onun məktəbi, xəstəxanası, klubu, kitabxanasıdır. Sovet dövründə bizim kəndlərdə hər şey vardı. Məsələn, mənim çalışdığım kəndin məktəbi, kitabxanası, klubu, xəstəxanası da vardı. İndi bunlar yoxdur. Kəndə kimsə çarəsiz şəkildə çalışmağa gedirsə, 1 ay çalışır, yerdəyişmə üçün qayıdıb gəlir. Çünki həmin ərazidə sosial şərait yoxdur”.

Ekspert deyir ki, kənddə yaşayan əhalinin də sağlamlığı önəmlidir:

“Bu sahədə mövcud problemin iki həll yolunu görürəm. Birincisi odur ki, əməkhaqqının maksimum artırılması kimi stimullaşdırıcı tədbirlərlə həkimləri regionlara cəlb etmək olar. İkincisi isə təyinat yolu ilə bu problemi həll etmək mümkündür. Biz təyinat mərhələsini keçən adamlarıq və yaşlı, orta nəsil bu barədə məlumatlıdır.

Təyinat da hərbi xidmət kimi bir sahə idi. Çünki təhsil, səhiyyə prioritet sahələrdir. Nəyə görə həkimlər, müəllimlər təyinatla işləməyə göndərilməsin? Onlar təyinatla getməli və işləməlidir. Təyinat müddəti başa çatdıqdan sonra müvafiq işlə təmin oluna bilərlər. Bu gün həkimin çalışması üçün hansısa kənddə bir tibb məntəqəsi tikmək nə böyük işdir? Biz hazırda ayrı-ayrı sahələrə yüksək məbləğdə vəsait ayırırıq.

Azərbaycan Tibb Universitetinin 2 min məzunu olur, ölkədə həkimlərdən ibarət işsizlik ordusu yaranır. Bir bölgədə tibb məntəqəsi yoxdursa, həkim gedib orada nə etməlidir? Mən demirəm ki, bu gün bütün kəndləri aptek, tibb məntəqəsi ilə təmin edək.

Ancaq məsafə məsələsi də var. Məsələn, şimal bölgəsində Xudatdan Nabrana qədər 50- dən artıq kənd var. Orada adi bir dərman almaq üçün kənddən Xudata getməlidirlər. Digər bölgələrdə də belədir. Ona görə də ya təyinat bərpa olunmalı, ya da stimullaşdırıcı tədbirlərlə həkimləri kəndə cəlb etmək olar”.

Nigar Abdullayeva
Cebhe.info