Öldürməyən ölüm: İntihara cəhd edənlər məcburi psixoloqa göndərilir?

Öldürməyən ölüm: İntihara cəhd edənlər məcburi psixoloqa göndərilir?

Bir neçə gün öncə Dənizkənarı Milli Park ərazisində ana və azyaşlı övladı intihara cəhd edib.

Məlumata görə, azyaşlı artıq evə buraxılıb, ananın müalicəsi isə davam etdirilir.

Təəssüf ki, bir neçə ildir, ölkəmizdə intihar hallarının sayı xeyli dərəcədə artıb.

Maraqlıdır, intihara cəhd edən şəxslər psixoloji müalicəyə cəlb olunur?

Cebhe.info-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib ki, intihar edən şəxs özündə olmadığı üçün bu duruma gətirib çıxaran müəyyən travmalar olur:

"Bu hadisənin şokunu atlatmaq dönəmi var. Təbii ki, həmin dönəmdə yenidən intihar edə bilər. Hər bir insan həyatının müəyyən dönəmində "ölsəydim, canım qurtarardı", "Allah məni öldürsün" kimi fikirlər səsləndirir. Amma beyinin buna özünü hazırlamağı var.

Xroniki depressiyanın, sosial-fobiyaların, panik atakın fonunda intihar baş verir. Bunlar insandan çıxmayınca intihara meyil etməkdən əl çəkməyəcək. Çünki intihar edib sağ qaldıqdan sonra yenidən eyni duruma qayıda, yenidən intihar edə bilər.

Həmin şəxslər individual olaraq, psixoloq müalicəsinə getməlidir. Bunun məcbur və qeyri-məcburisi yoxdur. İntihar etmiş insanlar komfort zonadan çıxmaya bilərlər. Bir müddət buna görə psixoloqdan qaça da bilərlər.

Amma mütləq həmin şəxslərin ətrafı ilə danışılmalı, həmin şəxslər psixoloqa getməlidir. Həm nevroloji, həm də psixoloji müalicə almalıdır. Yoxsa bu intihar halı yenə təkrarlanacaq".

Naibə
Cebhe.info