Sertifikasiyadan keçməyən müəllimlərə başqa iş verilir? - RƏSMİ

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub.
İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü ildən xitam verilməsi prosesinə başlanılıb.
Bildirək ki, Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq.
Xatırladaq ki, sertifikasiyadan keçməyən həmin müəllimlərdən biri də Bakı şəhəri, Yasamal rayonu İlqar İbrahimov adına 167 saylı məktəbin ibtidai sinif müəllimi Süsən Yusifovadır.
Şəhid Taleh Yusifovun anası olan Süsən Yusifovanın əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı faktı adıçəkilən məktəbdən də təsdiqləyiblər.
Bildirilib ki, sertifikasiyadan keçmədiyinə görə, müəllimin fəaliyyətinə xitam verilib. Ancaq bununla yanaşı, Süsən Yusifova hazırda məktəbdə günü uzadılmış qrup müəlliməsi kmi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, sertifikasiya prosesində şəhid ailələrinə hansısa güzəşt nəzərdə tutulmur.
Ümumiyyətlə, sertifikasiyadan keçməyənlər əsasən hansı işlə təmin edilir və indiyədək nə qədər müəllim işlə təmin edilib, bu, əsasən kimlərə şamil olunur?
Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda müraciətlər yerlərdə yaradılmış komissiyalar tərəfindən təhlil edilir:
"Yekun hesabatlar təqdim edildikdən sonra qeyd olunan məsələyə baxılacaq”.
Vurğulayaq ki, nazirlik bəyan etmişdir ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olan müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.
Nigar Abdullayeva
Cebhe.info