Sığınacaqda dava salan nənə və ana məhkəmə qarşısında

Yanvar ayının 3-də Bakının Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident olub.
Sığınacaqdan verilən məlumata görə, insident nəvələrini sığnacaqdan götürmək istəyən qadınla Birliyin sədri arasında yaşanıb. Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, Fizzə Kazımova adlı qadın nəvələri olan iki azyaşlı qız uşağını sığnacağa yerləşdirib. Bildirib ki, onların həyatı təhlükədədir. Kəmalə Ağazadə deyir ki, uşaqları sığnacağa qəbul etdikdən sonra aidiyyəti qurumlara dərhal məlumat verib. Ananın şəraitinə baxış keçirilib və uşaqların bir müddət sığınacaqda qalması məqsədəuyğun hesab edilib. Amma ötən gün uşaqların nənəsi və anası sığnacağa gələrək onları aparmaq istəyiblər.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, uşaqların harada qalacağı ilə bağlı dövlət qurumları qərar verəcək:
"Uşaqlar ailəyə belə vəziyyətdə verilə bilməz. Bununla bağlı Sosial Xidmətlər Agentliyinin qərarı olmalıdır. Qərar isə monitorinq keçirdikdən sonra veriləcək. Eyni zamanda, nənə və ana sığınacağa gələrək insident yaratdıqlarına, dövlət əmlakına ziyan vurduqlarına, polisin müraciətinə məhəl qoymadıqlarına, polisin əmrinə tabe olmadıqlarına görə məhkəmə qarşısına çıxarılacaqlar. Bunlar nəzərə alınmaqla Sosial Xidmətlər Agentliyi qərar verəcək ki, uşaqlar dövlət müəssisəsinə, yoxsa ailəyə verilsin".
Birliyin sədri uşaqların atasının da uşaqlarla bağlı məhkəməyə müraciət etdiyini qeyd edib:
"Ata da uşaqların onun himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Bir neçə il öncə ailə rəsmi qaydada ayrılıb. Uşaqlar anada qalıb, ata da aliment ödəyib. Lakin 3 ildir ki, ataya uşaqlarla münasibət qurmağa icazə verilmir. Uşaqları sığınacağa verən və götürmək istəyən də ana nənədir. Təəssüf ki, nənənin və ananın davranışları adekvat deyil. Ana və qızı haqqında, qarşı tərəflərin biri-birinə münasibəti ilə bağlı dəfələrlə polisə müraciət olub".
O, nənənin bir neçə gün əvvəl uşaqları sığınacağa yerləşdirməklə bağlı müraciət etdiyini deyib:
"Uşaqları 3 həftə öncə sığınacağa gətirmişdi. Uşaqlara ananın sevgilisi tərəfindən fiziki təzyiqlər göstərilir. Nənənin uşaqları sığınacağa yerləşdirməsində məqsədi uşaqların təhlükəsiz vəziyyətdə olması idi".
Günay Şahmar
Cebhe.info