Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

9 may Faşizm üzərində Qələbə Günü və 10 may - unudulmaz Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə xüsusi tədbir təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, tədbir “İnnovativ Proqress və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin informasiya dəstəyi və “Art and Creativity Club” tədris mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Ümummilli Lider Heydər Əliyevin “Xalqı həmişə mənəviyyat birləşdirib. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” müdrik kəlamları ilə tədbir açıq elan olunub.
Məhz bu ali kəlam tədbirimizin ruhunu müəyyənləşdirib və iştirakçılar arasında bir mənəvi birlik, milli kimlik və yaradıcı enerji abu-havası yaradıb.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş, 44 günlük Qarabağ müharibəsində qalib gələn xalqımızın bütün şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Himni ilə başlayıb.
“İnnovativ Proqress və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Səidə Musayeva və “Art and Creativity Club”un təsisçisi Cəmalə Naxçıvaninin nitqi ilə tədbir açıq elan edilib.Bu əlamətdar günə həsr olunmuş tədbirdə bir çox tanınmış ictimai xadimlər, yaradıcı insanlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Tədbirin fəxri qonaqları sırasında tanınmış geoloq, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Markşeyderlər İttifaqının üzvü, Sibirdə kəşf etdiyi iki çaya ad vermiş, çoxsaylı elmi və bədii əsərlərin müəllifi Eldar Əhədov, Milli QHT Forumunun nümayəndəsi Ləman Ağalarova, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Zeynəb Hacıyeva, “İnnovativ Proqress və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin fəal üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunmuş rəsm və əl işi sərgisi, Azərbaycan gənclərinin və yaradıcı fərdlərin öz potensiallarını ortaya qoymaları üçün əhəmiyyətli bir platformaya çevrildi. Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən olan gənc rəssamların və sənətkarların əl işləri nümayiş etdirilib.
Əsərlərdə həm tariximizin qəhrəmanlıq səhifələri, həm də milli-mədəni irsimiz incə estetik dillə təqdim olunub.Tədbir iştirakçıları qeyri-hökumət təşkilatlarının sədrləri, ictimai fəallar, media nümayəndələri və sənətsevərlər – sərgiyə böyük maraq göstərdi, nümayiş olunan əsərləri yüksək qiymətləndiriblər.
Onlar bu cür təşəbbüslərin gənclərin milli dəyərlərə bağlılığını gücləndirdiyini və tarixə olan marağını artırdığını vurğulayıblar. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən danışdılar, onun milli ruh və vətənpərvərlik ideyalarının bu gün də cəmiyyətimizin mənəvi dayağı olduğunu qeyd ediblər.
Həmçinin, 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbənin bütün bəşəriyyət üçün tarixi əhəmiyyət daşıdığı, Azərbaycanın bu mübarizəyə verdiyi töhfələrin unudulmaması lazım olduğu vurğulanıb.Tədbir çərçivəsində iştirakçılar üçün maraqlı intellektual oyun keçirildi. İştirakçılar fəallıqla biliklərini nümayiş etdirdilər və qaliblər mükafatlandırılıb.
Tədbirin sonunda sərgidə iştirak edən yaradıcı gənclərə və təşkilatçılara təşəkkürnamələr təqdim edildi, bu qəbildən olan maarifləndirici və mənəvi dəyər daşıyan tədbirlərin davam etdiriləcəyi bildirilib.Bu tədbir bir daha göstərdi ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği, gənclərin yaradıcı inkişafının təşviqi və tarixi yaddaşın yaşadılması istiqamətində həyata keçirilən fəaliyyətlər cəmiyyətimizin sabaha daha inamla irəliləməsinə xidmət edir.
"Cebheinfo.az"