Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu

Ukrayna, Macarıstan mərkəzli və ölkənin müdafiə sistemləri barədə məlumat toplamağa çalışan casus şəbəkəsinin ifşa edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən rəsmi məlumat yayılıb.
Ölkədəki hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumat toplamaqda ittiham olunan iki Macarıstan vətəndaşının saxlanıldığı bildirilib.
“Ukrayna tarixində ilk dəfə olaraq Təhlükəsizlik Xidməti dövlətimizə zərər vermək məqsədilə fəaliyyət göstərən Macarıstan mərkəzli hərbi kəşfiyyat şəbəkəsini zərərsizləşdirdi”, - deyə məlumatda qeyd olunub.
Həmin casus şəbəkəsinin Macarıstan hərbi kəşfiyyatı tərəfindən Ukraynanın qərbində yerləşən Zakarpatya bölgəsində hava hücumundan müdafiə sistemlərinin yerləşmə yerləri barədə məlumat toplamaq məqsədilə qurulduğu vurğulanıb.
Eyni zamanda casusların mümkün bir Macar hücumu zamanı yerli əhalinin reaksiyasını öyrənmək üçün onların əhvali-ruhiyyəsini araşdırdıqları da bildirilib.SBU bu casusluq fəaliyyətinin Rusiyaya dəstək məqsədi daşıyıb-daşımadığı ilə bağlı məlumat verməyib.
Saxlanılan şəxslərin Ukrayna ordusunun keçmiş üzvləri, biri qadın, digəri kişi olmaqla iki nəfər olduğu qeyd olunub. Onların evlərində keçirilən axtarış zamanı casusluq fəaliyyətlərini sübut edən mobil telefon və digər dəlillər aşkarlanaraq müsadirə olunub.
Dövlətə xəyanətdə ittiham olunan və adları açıqlanmayan bu şəxslərin ömürlük həbs cəzası ilə üzləşə biləcəkləri bildirilib.Ukraynanın bu iddiaları ilə bağlı Macarıstan tərəfdən hələlik heç bir açıqlama verilməyib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"