Sabiq icra başçısını öldürmək planı: ŞOK iddialar

Sabiq icra başçısını öldürmək planı: ŞOK iddialar

Qanunsuz olaraq odlu silah saxlamaq və külli miqdarda narkotik vasitə əldə etmə, satma ittihamları ilə həbs edilmiş Vasif Əliyevin cinayət işinin təfərrüatları məlum olub.

Onun ifadələrində ziddiyyətlər olsa da, maraqlı məqamlar da diqqət çəkib. 

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, 55 yaşlı Vasif Əliyevin ifadəsində olduqca maraqlı detallar üzə çıxıb. Onun dediklərinin həqiqət olub-olmaması dəqiq deyil, amma iddiaları olduqca diqqət çəkəndir.

Vasif Əliyev sifarişlə həbs edildiyini, arvadı və onun əmisi oğlu tərəfindən şərləndiyini deyib. İfadəsinin başqa bir hissəsində isə atasının müəmmalı qətlinə görə həbs edildiyini bildirib.

Vasif Əliyevin atası Təyyub Əliyev illər əvvəl qətlə yetirilib. Onun sözlərinə görə atası Füzulidə narkotik satan şəbəkə barədə məlumatlı olduğu üçün qətlə yetirilib. Onun atasının qatilləri hələ də tapılmayıb.

Daha əvvəl 3 dəfə məhkumluq həyatı yaşayan Vasif Əliyev iddia edib ki, həmin həbsləri də sifarişli olub. Qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq silah saxlama, narkotik ittihamları ilə bir neçə il həbsxanada qalmış Vasif Əliyev ifadəsində sonuncu həbsində arvadını günahkar bilib.

Onu da qeyd edək ki, Vasif Əliyev bu cinayətlərinin birini Rusiyada törədib və orada həbsxana həyatı yaşayıb.

Vasif Əliyev ifadəsində deyib ki, arvadı Günel Babayevanın əmisi oğlu ilə aralarında sevgi münasibətləri olub. Buna görə də onun həbs edilməsinə nail olublar.

Vasif Əliyevin iddiaları bir-birinə ziddir. Gah atasının qətlinə görə həbs edildiyini, gah da arvadının şikayəti ilə saxlanıldığını deyir.

Onun sözlərinə görə atasının qatili indi də həbs edilməyib. O, atasının qisasını almaq üçün çalışıb. Dəfələrlə rəsmi qurumlara müraciət etsə də atasının qatili tapılmayıb. Vasif Əliyev ifadəsinin bir hissəsində qeyd edib ki, atasının qətlini anası və bacısının üstünə yıxmaq istəyiblər.

Vasif Əliyev dediklərinə əlavə edib ki, evindən tapılan odlu silahı kredit götürərək alıb. Onun sözlərinə görə atasının qətlində günahkar bildiyi sabiq polis əməkdaşını və Füzuli rayonun keçmiş icra başçısı olmuş şəxsi öldürmək niyyəti olub. Amma bunun üçün heç bir addım atmayıb.

2009-cu ildən narkotik vasitə istifadəçisi olan Vasif Əliyev bildirib ki, evindən çıxan külli miqdarda narkotik vasitə ona məxsus deyil. İddiasına görə həmin narkotiki onun evinə arvadının əmisi oğlu yerləşdirib. Əlavə edib ki, arvadının əmisi oğlunun onun evinə gəlməsini sübut edən kamera görüntüləri də var.

Vasif Əliyev əslən Füzuli rayonundan olub və son illər Bakıda yaşayırmış. Amma tez-tez Füzuliyə gedirmiş.

Elan olunmuş ittihamla özünü qismən təqsirli bilən Vasif deyib ki, evində olan narkotiki görüb. Həmin narkotikin bir hissəsini məhv edib. Qalan hissəsini isə gizlədib. Dediyinə görə həmin narkotiki gizlətməkdə, saxlamaqda məqsədi onu evinə yerləşdirən şəxsi müəyyən etmək olub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Vasif arvadı Güneli qısqanclıq və digər səbəblərdən tez-tez döyürmüş. O, ifadəsində arvadının mobil telefonun gizli baxdığını, onun şübhəli mesajlarını aşkar etdiyini də iddia edib.

Məhkəmədə şahid qismində dindirilən Günel Babayeva da bunları təsdiq edib. Bildirib ki, əri narkotik vasitə istifadəçisi olduğu üçün özünü idarə edə bilmirmiş. Onun sözlərinə görə Vasif narkotikdən istifadə etmədiyi vaxt çox əsəbi və gərgin olub. Bu zaman da ona qarşı amansız rəftar edərək onu döyüb.

Günel Babayevann dediyinə görə, Vasif özünü haqlı çıxarmaq üçün yalan danışır: “Əmim oğlu ilə bacı-qardaş kimi olmuşuq. Vasif özünü haqlı çıxarmaq üçün yalan danışır. Uzun illərdir narkotik çəkir, satır”.

Şahid kimi dindirilən Günel ərinin narkotik vasitələrin satışını həyata keçirməsini belə izah edib:

“Heç yerdə işləmirdi. Amma onun üzərində həmişə pul olurdu. Bütün günü telefonla danışırdı. Həmişə də “vatsap”la danışırdı. Gecələr evdən çıxırdı, gec gəlirdi”.

Günel Babayeva əlavə edib ki, əri onu ölümlə də hədələyib:

“Silahı göstərib deyirdi ki, səni öldürəcəm. Atasının qisasını alacağını deyirdi. Mənə də deyirdi ki, türməyə gedəndə səni sağ qoymayacam. Mən də bu təhdidlərdən bezib qardaşıma dedim. Qardaşım da polisə məlumat verdi”.

Məhkəmədə məlum olub ki, Günel Babayevanın döyülməsi barədə polisə onun atası məlumat verib və bundan sonra keçirilən əməliyyat zamanı Vasif Əliyev saxlanılıb.

Vasif Əliyev qanunsuz olaraq odlu silah saxlamaq, külli miqdarda narkotik vasitələrin satışı ittihamı ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az"