Polis Akademiyasında Heydər Əliyevin 102-ci ildönümü qeyd edildi - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.
O, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətinin bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin tarix fakultəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov qeyd edib ki, Azərbaycanın suveren, müstəqil ölkə kimi formalaşmasının özülləri hələ Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə atılıb.
Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb.
Məhz Ümummilli Liderin rəhbərliyi ilə hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilib, azərbaycanlıların dövlət vəzifələrinə irəli çəkilməsi daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Lider Heydər Əliyevin həyatının çoxşaxəli fəaliyyəti istiqamətlərindən ətraflı bəhs edən İ.Zeylanov bildirib ki, ömürünü ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
“Cebheinfo.az”