Hindistan Pakistana hücum etdi

Pakistan ordusu Hindistandan altı ballistik raket atdığını və onlardan beşinin Pəncab əyalətinin Amritsar şəhərinə düşdüyünü bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Pakistan hökumətinin “X” hesabında yer alan yazıya görə, Pakistan Silahlı Qüvvələrinin İctimai Əlaqələr İdarəsinin (ISPR) baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Adampur kəndindən 6 ballistik raketin buraxıldığını açıqlayıb.
O qeyd edib ki, atılan raketlərdən biri Adampur rayonuna, digər beşi isə Pəncab əyalətinin Amritsar şəhərinə düşüb.Hindistan ordusunun ölkədəki siqh icmasını hədəf aldığını iddia edən Çaudri istənilən “terror aktını” qınadıqlarını bildirib.
Çaudri həmçinin gecə yarısından sonra mətbuat brifinqində Hindistan raketlərinin İslamabaddakı “Nur Xan”, Pəncabın Çakval rayonundakı “Mureed” və “Şorkot” hərbi hava bazalarının hədəf aldığını, lakin Pakistan Hərbi Hava Qüvvələrinin obyektlərinin təhlükəsiz olduğunu bildirib.
General-leytenant Çaudri Hindistana qarşılıq verəcəklərini bildirib. Hindistan ordusu hücumla bağlı hələlik açıqlama verməyib.Hindistan mediası Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Ravalpindidə və ölkənin ən böyük şəhəri Lahorda da partlayışların olduğunu bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"