ABŞ və Aİ 30 günlük atəşkəs planı hazırlayır

ABŞ və Aİ 30 günlük atəşkəs planı hazırlayır

ABŞ və Avropa İttifaqı (Aİ) Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs razılaşmasına hazırlıq işlərini başa çatdırmaq üzrədir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatda planın rədd edildiyi təqdirdə Moskvaya qarşı yeni və sərt sanksiyaların tətbiq ediləcəyi qeyd olunur. Bildirilib ki, Ukrayna tərəfi bu təklifi qəbul etməyə hazırdır.

Ağ Ev rəsmiləri Prezident Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında məsələni müzakirə etdiyini təsdiqləyib.

Diplomatik dairələrdən alınan məlumata görə, “tərəflərin hazırlanmış layihə mətni ilə tam razılaşmadığı, lakin münaqişənin həlli ilə bağlı tədbirlərlə bağlı mövqelərinin üst-üstə düşdüyü” qeyd edilib.

ABŞ Prezidenti Tramp açıqlamasında hər iki tərəfin atəşkəsi rədd edəcəyi təqdirdə məsuliyyət daşıyacağını vurğulayaraq, Rusiyaya qarşı fevral ayında tətbiq edilən və 2014-cü ildən bu yana davam edən sanksiyaların daha bir il uzadıldığını xatırladıb.

Almaniya Kansleri Fridrix Merts Aİ ölkələrinin hazırladığı Ukrayna bəyanatının Trampın 30 günlük atəşkəs təklifi ilə böyük ölçüdə üst-üstə düşdüyünü bildirib.

Kansler bildirib ki, bu təşəbbüs dialoq yolu ilə sülh prosesinin başlanması üçün mühüm addımdır.

Rusiyadan hələlik rəsmi cavab gəlmədiyi öyrənilib. Beynəlxalq müşahidəçilər deyirlər ki, bu hadisələr müharibənin gedişində potensial dönüş nöqtəsi ola bilər, lakin tərəflər arasında dərin etimadın olmaması həyata keçirilməsini çətinləşdirə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"