Deputat: "Ulu Öndərin millətimiz qarşısındakı xidmətləri misilsizdir”

"Ümumilli Lider Heydər Əliyev təxminən 30 il ərzində Azərbaycana rəhbərlik edib".
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi Azərbaycan müttəfiq respublika olaraq SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edirdi:
"Heydər Əliyev həmin dövr ərzində çox böyük işlər gördü. Azərbaycan faktiki olaraq sənaye ölkəsinə çevrildi, 250-dən çox müəssisə, zavod və fabrik tikildi.
Daha dəqiq desək, sonradan müdafiə sənayemizin inkişafına öz töhfəsini vermiş bir çox müxtəlif profilli müəssisələr yaradıldı.Sözügedən dövrdə kənd təsərrüfatı sahəsində çox böyük işlər görüldü və uğurlar əldə olundu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan SSRİ-nin aparıcı respublikalarından birinə çevrildi".
Millət vəkili vurğulayıb ki, Azərbaycan SSRİ-nin tərkibində olmağına baxmayaraq, 1978-ci ildə Konstitusiya qəbul olundu:
"Heydər Əliyevin rəhbərliyi ilə həmin ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmən dövlət dili elan olundu. Bu da bir daha Heydər Əliyevin xalqına və millətinə bağlılığını göstərir".
Deputat xatırladıb ki, Heydər Əliyev Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 1993-cü ildə xalqın tələbi ilə ən ağır dönəmdə yenidən hakimiyyətə gəldi:
"O, ölkəni düşdüyü çox ağır bəlalardan xilas etdi. Həmin dövrdə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi, ordu yox idi, torpaqlarımızın bir hissəsi də işğal altında idi.Lakin Ümumilli Lider Azərbaycanı gözlənilə biləcək faciələrdən qurtardı və atəşkəsə nail olundu. Biz atəşkəsə nail olmaqla vaxt qazandıq, ordumuzu və iqtisadiyyatımızı gücləndirdik.
Nəticədə, yürüdülən uğurlan xarici siyasət və bu istiqamətdə atılan çox ciddi addımlar sayəsində suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin əsas memarı Prezident, Ali Baş Komandan İlham Əliyev idi. Amma zəfərin kökündə vaxtında Heydər Əliyev tərəfindən yaradılan çox möhkəm bir zəmin vardı".
Arzuxan Əlizadə diqqətə çatdırıb ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ndə də Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır:
"Ümumilli Liderin buradakı rolu da xüsusi vurğulanmalıdır. Çünki onun sayəsində Azərbaycan beynəlxalq müstəvidə çox böyük uğurlar əldə etdi. Yəni, Heydər Əliyevin ölkə və millət qarşısında xidmətləri misilsizdir. Ümumilli Lideri 102-ci doğum günündə ehtiramla anırıq, ona Allahdan rəhmət diləyirik".
Elmir Mustafa
"Cebheinfo.az"