Təcili yardım hər çağırışa getməyəcək: “Xəstənin qarnı ağrıdı...”

Ölkəmizdə tez-tez təcili tibbi yardımla bağlı narazılıqlara rast gəlirik.
Sosial şəbəkələrdə yer alan narazılqıların əsasını təcili tibbi yardım avtomobillərinin gecikməsi və təcili tibbi yardım həkimlərinin xəstəyə keyfiyyətli xidmət göstərməməsi təşkil edir. Ötən həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin yaradılmasını elan edib.
Qurumun məlumatına görə, Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır.
Maraqlıdır, atılan bu addımın müsbət təsirini təcili tibbi yardım xidmətinin işində görə biləcəyikmi?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb eksperti Adil Qeybulla təcili tibbi yardım sisteminin dəyişdirilməsinin tərəfdarı olduğunu deyib:
"Təcili yardım sisteminin spesifikası dəyişməlidir. Birinci növbədə biz qərb standartlarına keçirik. Dünyanın heç yerində elə bir şey yoxdur ki, xəstənin qarnı ağrıdı, nəsə oldu, həmin an təcili yardım çağırsın. Təcili yardım yalnız xüsusi təxirəsalınmaz yardım hallarına aiddir, bu, xilasetmə sistemi hesab edilir. Bizdə təcili yardım sovet dönəmlərindən bir oyuncaq quruma çevrilib, ona görə hesab edirəm ki, sistem dəyişməlidir”.
Həkim-ekspert təcili tibbi yardım xidmətinin bütün çağırışlara anında gəlmək imkanının olmadığını bildirib:
“Boş -boş, mənasız çağırışlar var. Buna da çox vaxt imkan olmur, çatdırmaq mümkün deyil. ümumiyyətlə, bu struktur tamamilə yenilənməlidir. Bunun aviasiya xətti olmalıdır, intensivləşdirilməlidir, təkcə həkimlərdən ibarət yox, ümumi peşəkar xilasetmə qrupları olmalıdır. O istiqamətdə dəyişiklik aparılmalıdır. Biz elə düşünürük ki, təcili yardım evdən mən düyməni basdım, həkim həmin dəqiqə mənim yanımda olmalıdır prinsipidir. Biz dünya standartlarına keçməliyik. Aparılan islahatlar da təxminən buna doğru gedir”.
Günay Şahmar
Cebhe.info