Ucqarlara gedən müəllimlərə hansı güzəştlər var?

Ucqarlara gedən müəllimlərə hansı güzəştlər var?

“Böyük Qayıdış”ın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

Artıq Ağalı kənd orta məktəbi ehtiyac üzrə fənn müəllimləri ilə təmin edilaməsi məsələsi də həllini tapmaq üzrədir.

Qeyd edilir ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris olunacaq. Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək.

Yeni tədris ili ərəfəsində şagirdlərin sayı barədə dəqiq məlumat veriləcək.

Məlumdur ki, ucqar kənd və qəsəbələrə gənc kadrların göndərilməsi üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər görülür. Son illərdə kənd məktəblərini seçən gənc mütəxəssislərin sayında da artım müşahidə olunur və onlar həvəsləndirici mükafatlar alır.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur.

Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir.

Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.

2018-ci ildə isə "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabinetinin yeni qərarında qeyd olunub.

Qərara görə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislər fəaliyyətlərini digər kənd rayonlarının təhsil müəssisəsində davam etdirəcəkləri təqdirdə də, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 manat məbləğində kompensasiyanı alacaqlar.

Naibə
Cebhe.info