Media Forumu sülh çağırışlarına töhfə verəcək

Media Forumu sülh çağırışlarına töhfə verəcək

Xəbər verdiyimiz kimi, 13-14 iyul tarixlərində  4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək.

Artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.

Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

“Cebheinfo.az”-a açıqlamasında media eksperti Səbinə İzzətli bildirib ki, belə forumlar media nümayəndələrinin bir araya gələrək fikir mübadiləsi aparması və aktual məsələləri müzakirə etməsi üçün yaxşı imkandır:

“Konfliktlərin işıqlandırılmasında yeni media həm böyük imkanlar, həm də ciddi çağırışlar yaradır. Sosial media platformaları, mobil jurnalistika və rəqəmsal kommunikasiya vasitələri hadisələrin operativ şəkildə dünya ictimaiyyətinə çatdırılmasına, müxtəlif tərəflərin səsinin eşidilməsinə və humanitar problemlərin görünürlüğünün artmasına şərait yaradır. 

Bununla yanaşı, dezinformasiya, manipulyasiya, "deepfake" texnologiyaları və təsdiqlənməmiş məlumatların sürətlə yayılması münaqişə şəraitində medianın məsuliyyətini daha da artırır. 

Bu baxımdan, jurnalistin əsas vəzifəsi yalnız məlumat çatdırmaq deyil, faktları dəqiqləşdirmək, onları balanslı şəkildə təqdim etmək və cəmiyyətlər arasında etimadın bərpasına xidmət edən məsuliyyətli informasiya mühitinin formalaşdırılmasına töhfə verməkdir”.

Onun sözlərinə görə, bu yanaşma Şuşada keçiriləcək IV Qlobal Media Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu ilə birbaşa səsləşir:

“Müasir dövrdə media yalnız informasiya ötürən vasitə deyil, həm də cəmiyyətlər arasında dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və sülh mədəniyyətinin təşviqinə xidmət edən mühüm amildir.

Hesab edirəm ki, forum beynəlxalq media əməkdaşlığının genişlənməsinə, jurnalistlər arasında peşəkar əlaqələrin möhkəmlənməsinə və etibarlı informasiya mühitinin formalaşdırılmasına real töhfə verə bilər”.

Ekspert ümid edir ki, bu kimi forumlarda səsləndirilən ideyalar yalnız müzakirə mövzusu olaraq qalmayacaq, sonradan praktik əməkdaşlığa çevriləcək:

“Əgər forum çərçivəsində formalaşan əlaqələr ortaq layihələrin, birgə tədqiqatların, təlim proqramlarının və peşəkar şəbəkələrin yaranmasına təkan verərsə, bu, beynəlxalq və konstruktiv media əməkdaşlığına daha uzunmüddətli və davamlı töhfə verə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”